ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya ilə Avropa arasında müharibədən sonrakı təhlükəsizlik arxitekturasının müzakirəsinə başlanmasını təklif edib. Avropa ölkələri isə bu məsələnin yalnız Ukraynada müharibə başa çatdıqdan sonra müzakirə edilməsini istəyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” nəşrinin köşə yazarı Devid İqnatius məlumat verib.
Onun sözlərinə görə, Kuşner noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin görüşünün təşkilinə kömək edib. Görüşdə atəşkəsə nail olmaq üçün zəruri kompromislərin müzakirəsi nəzərdə tutulur.
İqnatiusun yazdığına görə, Kuşner atəşkəslə bağlı səyləri Rusiya və Avropa arasında daha geniş çoxtərəfli danışıqların keçirilməsi təşəbbüsü ilə əlaqələndirib. Bu danışıqlar üçün model kimi 2014-cü ildə Krımın ilhaqından sonra fəaliyyəti dayandırılan NATO-Rusiya Şurası nəzərdən keçirilir.
Kuşner X sosial şəbəkəsində bildirib ki, Əbu-Dabidə irəliləyiş əldə olunarsa, Avropa ölkələrinin birbaşa iştirakı ilə daha geniş çoxtərəfli formatın yaradılmasına ümid edir.
Onun təklif etdiyi məqsədlərə təhlükəsizlik məsələləri üzrə daimi məsləhətləşmələr, böhran vəziyyətlərində etibarlı əlaqə kanalları, hərbi şəffaflığın artırılması və eskalasiya riskinin azaldılması daxildir.
Bununla belə, Avropa rəsmiləri hesab edirlər ki, təhlükəsizlik arxitekturası ilə bağlı Rusiya ilə danışıqlara başlamazdan əvvəl Ukraynada atəşkəs əldə edilməlidir. Onlardan biri bildirib ki, Ukrayna ilə bağlı sülh sazişi təhlükəsizlik məsələlərinin razılaşdırılmasından əvvəl imzalanmalıdır.
Nəşr qeyd edir ki, Kuşner iki prosesin paralel aparılmasını istəyir, Avropa isə ilk növbədə Ukraynada atəşkəsin təmin olunmasını tələb edir.
Məqalədə, həmçinin ABŞ-da seçkilərdən sonrakı siyasi vəziyyətin Donald Trampın Rusiya və Ukrayna ilə bağlı siyasətinə təsir göstərə biləcəyi bildirilir. Yeni Konqresin hər iki palatasında Ukraynanı dəstəkləyən geniş ikipartiyalı çoxluğun formalaşacağı qeyd olunur.
Bizim.Media






























































































