SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
Bizim.Media xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şərqində, Dunay çayının sahilində yerləşən və bölgənin mühüm iqtisadi - mədəni mərkəzi olan Qalati şəhərində açılıb.
Rəsmi açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti Anar Məmmədov bildirib ki, 15 il əvvəl Rumıniyada ilk “SOCAR” brendli yanacaqdoldurma məntəqəsi istifadəyə verilərkən güclü brend yaratmaq, yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmək, müştərilərin etimadını qazanmaq kimi məqsədlər qarşıya qoyulub.
“Rumıniya strategiyamızda xüsusi yer tutur. Belə ki, bu ölkə SOCAR brendi altında investisiya yatırdığımız ilk Avropa İttifaqı ölkələrindəndir. Bu bazarda mövcudluğumuz və inkişafımız Rumıniya iqtisadiyyatına, onun biznes mühitinə və insanlarına olan inamımızı əks etdirir. Artıq 100 yanacaqdoldurma məntəqəsinə çatmışıq”, – deyə SOCAR-ın vitse-prezidenti Anar Məmmədov bildirib.
Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsinin açılmasının SOCAR üçün mühüm hadisə olduğunu söyləyən “SOCAR Petroleum SA”-nın baş direktoru Ramin Əliyev deyib:
“Növbəti illərdə, Rumıniya bazarındakı mövqeyimizi möhkəmləndirməyi, bazar payımızı artırmağı hədəfləyirik. Eyni zamanda, Rumıniyada yanacaq anbarları da daxil olmaqla, logistika infrastrukturuna yatırılan investisiyalar yanacaqdoldurma məntəqələrimizin fasiləsiz təchizatını və yanacağın davamlı çatdırılmasını təmin etməyə imkan verir. SOCAR müştəriləri üçün üstünlüklərdən biri yanacağı birbaşa istehsalçıdan əldə etmək imkanının olmasıdır. Bu da bizə keyfiyyət və yüksək performansı özündə birləşdirən məhsullar təklif etməyə imkan verir. Məqsədimiz rumıniyalı müştərilərin hər gün etibar edə biləcəkləri bir şəbəkə yaratmaqdır”.
Hər bir “SOCAR” brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi, bu məntəqədə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizel yanacaqları (Nano Dizel, Nano Super Dizel), həmçinin məntəqə ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilir.
"Made in Azerbaijan" brendinin təbliği istiqamətində görülən işlər çərçivəsində məntəqələrdə Azərbaycan guşəsi yaradılıb.
SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar nümayiş olunur.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2025-ci ildə 3,9 milyard lei (təqribən 750 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 9,7% çoxdur. Hazırda şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.
Bizim.Media


































































































