Azərbaycanı hədəfə alan AKP çevrələri, susan Ankara və Bakının diplomatik cavabı

Hazırda oxunan: Azərbaycanı hədəfə alan AKP çevrələri, susan Ankara və Bakının diplomatik cavabı

645049

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak etmək üçün Türkiyəyə səfər etməyəcək. Təbii ki, diplomatiyada bir dövlət başçısının hər hansı səfərdə iştirak etməməsinin obyektiv və subyektiv səbəbləri olur.

Xüsusilə son aylarda Türkiyənin siyasi, media və sosial şəbəkə məkanında Azərbaycana, onun dövlət başçısına və xalqına qarşı aparılan kampaniyanın miqyasını nəzərə aldıqda, bu qərarın arxasında dayanan səbəblər barədə düşünmək üçün kifayət qədər əsas var.

Əslində, söhbət yalnız bir sammitdə iştirak edib-etməməkdən getmir. Məsələ Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmət, bərabərhüquqluluq və dövlət suverenliyinə münasibət məsələsidir.

Türkiyədə Azərbaycana qarşı kampaniya: Üç ildir davam edən siyasi və ideoloji hücumlar
 

Son bir ayda Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya görünməmiş həddə çatıb. Bununla belə, prosesin başlanğıcını yalnız son hadisələrlə əlaqələndirmək doğru olmazdı. Əslində, son üç il ərzində müəyyən fasilələrlə səngiyən, lakin heç vaxt tam dayanmayan anti-Azərbaycan ritorikası mövcuddur.


Bu kampaniyanın əsas hədəflərindən biri Azərbaycanın İsraillə əməkdaşlığıdır. Türkiyədəki müəyyən siyasi dairələr, islamçı qruplar və onlarla eyni mövqedən çıxış edən media nümayəndələri Bakının xarici siyasət seçimlərini öz ideoloji baxışlarına uyğunlaşdırmağa çalışırlar. Onların yanaşmasına görə, Azərbaycan hansı dövlətlə əməkdaşlıq etməli, hansı ölkə ilə iqtisadi və siyasi əlaqələr qurmalı olduğunu müəyyənləşdirərkən həmin dairələrin arzularını əsas götürməlidir.

Bu, Azərbaycanın müstəqil dövlət kimi qərarvermə hüququna hörmətsizlik, onun suverenliyini məhdudlaşdırmaq cəhdidir.

Belə yanaşma “Bir millət, iki dövlət” prinsipinin də mahiyyətinə ziddir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasi formul iki dövlətin vahid milli köklərə, ortaq tarixə və mənəvi dəyərlərə əsaslanan münasibətlərini ifadə edir. Lakin bu prinsip bir dövlətin digərinə diktə etmək, onun daxili və xarici siyasətinə müdaxilə etmək hüququ qazandığı anlamına gəlmir.

Azərbaycan Türkiyənin müstəqil dövlət kimi öz xarici siyasətini müəyyənləşdirmək hüququna necə hörmət edirsə, Ankara da Bakının seçimlərinə eyni münasibəti göstərməlidir. Qardaşlıq münasibətlərinin təməlində məhz bu bərabərlik dayanmalıdır.

İsrail məsələsində ikili standartlar və Türkiyənin susqunluğu

Azərbaycana qarşı kampaniya aparanların əsas arqumentlərindən biri İsraillə əməkdaşlıqdır. Halbuki Türkiyənin özünün İsraillə siyasi, iqtisadi, hərbi və ticarət əlaqələrinə dair çoxsaylı faktlar ifşa olub. Hələ onu demirik ki, Türkiyə rəsmi olaraq 2 ildən çoxdur ticarəti dayandırdığını elan etdiyi İsraillə əl altından al-verə davam edir, üzə çıxan faktlara isə AKP iqtidarı heç təkzib də verə bilmir.

Belə olan halda, Azərbaycanın eyni istiqamətdəki münasibətlərinə görə hədəfə alınması hansı məntiqə sığır?

Üstəlik, Azərbaycan Türkiyədən fərqli olaraq, “İsraillə əməkdaşlığı dayandırmışıq” deyib, gizli ticarət də aparmır…
 

Daha maraqlısı budur ki, Azərbaycanı bu məsələdə hədəf almaq üçün səfərbər olan islamçı-nurçu dairələr AKP-nin öz xarici siyasətinə münasibətdə eyni həssaslığı göstərmirlər. Bu, açıq-aşkar ikili standartdır.


Məktəbli forması bəhanəsi ilə Azərbaycana qarşı çirkin kampaniya

Oktyabrın əvvəlində BMT Baş Assambleyasının sessiyasında İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin davranışı Türkiyədə yeni hücum dalğası üçün bəhanəyə çevrildi. Bir Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ətrafında süni siyasi müzakirələr, populist çıxışlar, qarayaxma kampaniyası üçün bəhanəyə çevrildi.

Lakin əsl hücum dalğası Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarından sonra başladı.

Türkiyənin müəyyən media qurumları, sosial şəbəkə fəalları və islamçı çevrələr bu qərarı təhrif olunmuş şəkildə təqdim edərək Azərbaycana qarşı geniş kampaniya apardılar. Dünyəvi təhsil sisteminin və məktəblərdə vahid geyim qaydasının tətbiqinin mahiyyəti bilərəkdən təhrif olundu, məsələ dini qarşıdurma müstəvisinə daşındı.
 

Nəticədə Azərbaycanın dövlət siyasəti, rəhbərliyi və cəmiyyəti haqqında təhqiramiz ifadələr, əsassız ittihamları ehtiva edən qarayaxma kampaniyası Türkiyə informasiya məkanında geniş yayıldı.


Hətta kampaniya o həddə çatdı ki, 30 illik işğal dövründə Türkiyədən Ermənistana qarşı bu cür aqressiv və təhqiramiz ritorika ilə qarşılaşmamışdıq. Digər tərəfdən, Azərbaycana qarşı bu məsələdə İrandan təzyiqlərin gəlməsi daha çox gözlənilirdi. Amma ideoloji hücumların qardaş Türkiyənin daxilindəki müəyyən siyasi və dini qruplardan gəlməsi isə xüsusilə acı mənzərə yaratdı.

Bu prosesdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın dairələrin, nurçu və islamçı qrupların, eləcə də onların təsirində olan media platformalarının fəallığı diqqətdən yayınmadı.

Səfirliklər qarşısında aksiyalar və ərəb dünyasına daşınan anti-Azərbaycan ritorikası

Kampaniyanın miqyası yalnız sosial şəbəkələrdəki təhqir və ittihamlarla məhdudlaşmadı. Azərbaycanın Ankara və İstanbul şəhərlərindəki diplomatik nümayəndəlikləri qarşısında da ölkəmizə qarşı ağır ittihamların səsləndirildiyi aksiyalar təşkil olundu.

Qısa müddətdə ardıcıl aksiyaların keçirilməsi isə mitinqlərin təsadüfi narazılıq deyil, sistemli və idarəolunan kampaniyanın elementi olduğunun sübutudur.

Bununla yanaşı, Türkiyə mediası və sosial şəbəkələrində məktəbli forması, hicab və dini azadlıqlar mövzusunda aparılan manipulyativ təbliğat ərəb dünyasının informasiya məkanına da daşındı. Beləliklə, Azərbaycanın dünyəvi dövlətçilik modeli hədəfə çevrildi, ölkəmiz haqqında yanlış təsəvvürlər formalaşdırılmasına cəhd göstərildi.
 

Bütün bunlar hansı məqsədə xidmət edirdi? Azərbaycanı beynəlxalq və regional müstəvidə təcrid etmək, onun müstəqil siyasətinə təzyiq göstərmək, yoxsa Türkiyədəki müəyyən ideoloji qrupların siyasi baxışlarını Bakıya qəbul etdirmək?


Hansı cavab seçilməsindən asılı olmayaraq, ortada bir həqiqət var: Kimliyindən asılı olmayaraq, Azərbaycan dövlətinin qərarlarına və xalqının seçimlərinə hörmət “qırmızı xətt” kimi qəbul edilməlidir.

Rəsmi Ankaranın gecikmiş müdaxiləsi

Bu prosesdə Türkiyə hakimiyyətinin mövqeyi də ayrıca müzakirə mövzusudur. Rəsmi Ankara müəyyən mərhələdə baş verənlərə müdaxilə etməyə, gərginliyi azaltmağa və münasibətlərə zərər vuran davranışların qarşısını almağa çalışdı.

Lakin bu addımlar kifayət qədər gec atıldı. Necə deyərlər, “arxadan atılan daş topuğa dəydi”.

Əgər kampaniyanın ilk mərhələlərində daha aydın və prinsipial mövqe nümayiş etdirilsəydi, Azərbaycana qarşı təhqir və ittihamların bu qədər genişlənməsinə imkan verilməsəydi, indiki vəziyyət yaranmazdı.
 

Çünki dövlətlərarası münasibətlərə zərər vuran proseslərə vaxtında müdaxilə edilmədikdə, həmin davranışlar cəmiyyətdə normallaşmağa başlayır. Bu gün Türkiyədə Azərbaycana qarşı formalaşdırılan yalançı və aqressiv münasibətin müəyyən təbəqələrdə kök salması da məhz belə bir təhlükənin nəticəsidir.


Ən təhlükəlisi isə budur ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin mahiyyətini müəyyənləşdirmək iddiasına düşənlər iki xalqın tarixi və strateji yaxınlığından öz ideoloji məqsədləri üçün istifadə etməyə çalışırlar.

Diplomatiyada qarşılıqlılıq prinsipi

Prezident İlham Əliyevin TDT sammitində iştirak etməməsini qiymətləndirərkən diplomatiyanın mühüm prinsiplərindən birini – qarşılıqlılığı da nəzərə almaq lazımdır.

2024-cü ilin iyulunda Şuşada keçirilən TDT-nin qeyri-rəsmi sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməmişdi. Həmin vaxt Türkiyə millisinin Avropa çempionatında Niderlandla qarşılaşmasını izləməsi onun səfərdə iştirak etməməsinin əsas səbəbi kimi göstərilmişdi.
 

Bundan başqa, Ərdoğan 2026-cı ilin mayında Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunda, eləcə də oktyabrda Bakıda təşkil olunan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə Görüşündə iştirak etmədi.


Təbii ki, dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirakını şərtləndirən müxtəlif səbəblər mövcuddur. Diplomatiyada qarşılıqlılıq prinsipi də həmin səbəblərdən biridir.

Azərbaycan Prezidentinin Türkiyədə keçirilən sammitdə iştirak etməməsinə də bu kontekstdən yanaşmaq mümkündür.

Belə ki, oktyabrın 24-də Azərbaycanda tarixdə ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalına start verilib. Bu gün isə Dövlətimizin başçısı Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 dünya çempionatı və festivalının finalçılarını mükafatlandıracaq.

Azərbaycan TDT-dən uzaqlaşmır, amma öz suverenliyindən də imtina etmir

Bir məqamı xüsusi vurğulamaq lazımdır: İlham Əliyevin Türkiyədə keçirilən TDT sammitində iştirak etməməsi Azərbaycanın təşkilatdan uzaqlaşması, onun fəaliyyətinə münasibətinin dəyişməsi və ya türk dövlətləri ilə əməkdaşlıqdan geri çəkilməsi kimi qiymətləndirilməməlidir.

Azərbaycan TDT-nin yaradılmasında və institusional inkişafında mühüm rol oynamış dövlətlərdən biridir. Təşkilatın güclənməsi, türk dövlətləri arasında siyasi, iqtisadi, təhlükəsizlik və humanitar əməkdaşlığın genişlənməsi Azərbaycanın strateji maraqlarına uyğundur.
 

Bakı bundan sonra da TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk dünyasının beynəlxalq nüfuzunun artırılması və ortaq maraqların müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcək.


Ancaq təşkilata sadiqlik hər hansı ölkənin Azərbaycana qarşı hörmətsizliyinə susmaq, onun müstəqil qərarlarını müzakirə predmetinə çevirmək və dövlət suverenliyinə müdaxilələri qəbul etmək demək deyil.

Azərbaycanın Türkiyə ilə münasibətləri nə qədər strateji və əhəmiyyətlidirsə, Azərbaycanın müstəqil dövlət kimi iradəsi də bir o qədər toxunulmazdır.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin