ABŞ-da "Amazon" şirkətinin 31 yaşlı proqramçısı Bouen Vanın (Bowen Wang) valideynləri "OpenAI" şirkətinə və onun rəhbəri Sem Altmana (Sam Altman) qarşı San-Fransisko Məhkəməsində iddia qaldırıblar.
Bizim.Media xəbər verir ki, valideynlər "ChatGPT" süni intellekt çatbotunun qızlarının ölümünə səbəb olan tibbi tövsiyələr verdiyini iddia edirlər.
Yeniyetməlik dövründən ağır epilepsiyadan əziyyət çəkən Vana həkimlər tərəfindən "Lamotricin" (Lamotrigine) preparatı təyin edilmişdi. Lakin "ChatGPT" (GPT-4o modeli) istifadəçiyə 25 günlük xüsusi bir plan tərtib edərək, gündəlik 400 mq olan dərman dozasını tədricən sıfıra endirməyi tövsiyə edib.
Məhkəmə sənədlərinə görə, çatbot gənc qadına bu dərman azaltma prosesini öz şəxsi həkimindən gizlətməyi məsləhət görüb. Hətta yanvarın 29-da həkim qəbulundan öncə çatbot ona analizlərdən imtina etməyi tövsiyə edib.
Bouen Van çatbotla 270 mindən çox mesaj mübadiləsi aparıb və dərmanı azaldarkən ən azı 158 dəfə narahatlığını, baş ağrılarını və huşunu itirmə halları yaşadığını bildirib. Çatbot isə hər dəfə bunun "orqanizmin bərpası və uyğunlaşması" olduğunu deyərək onu sakitləşdirib.
Fevralın 11-də Van baş ağrısının şiddətləndiyini yazdıqda çatbot bunun təhlükəsiz olduğunu bildirib. Fevralın 12-də gənc proqramçı evində vəfat edib. Autopsiya nəticəsində qanda dərmanın səviyyəsinin kəskin aşağı düşdüyü və ölümün epilepsiya tutmasından qaynaqlandığı təsdiqlənib.
Baş verən hadisəni "son dərəcə kədərli" adlandıran "OpenAI" rəsmiləri xatırladıblar ki, sözügedən hadisədə çatbotun köhnə versiyasından (GPT-4o) istifadə olunub və həmin model fevralın 13-də istifadədən çıxarılıb. Şirkət yeni modellərin böhran və təcili tibbi situasiyaları daha yaxşı tanıdığını bildirib.
Bu məhkəmə işi yalnız şəxsi bir faciə deyil, həm də süni intellekt nəhəngləri üçün ciddi bir hüquqi presedent yaradır.
Bizim.Media































































































