Cəhənnəm Mars planetidir? – ŞOK İDDİA

Hazırda oxunan: Cəhənnəm Mars planetidir? – ŞOK İDDİA

643993

Bütün səmavi dinlərdə Cəhənnəm od-alovlu, qaynar tiyanlar, tonqallar içində olan bir məkan kimi təsvir edilir. Cəhənnəmdə yanmaq isə dinindən asılı olmayaraq hər bir inanclının qorxduğu və çəkindiyi düşüncədir.

Yüz illər boyu adi insanlardan tutmuş, alimlərə, üləmalara qədər cəhənnəmin harada olduğunu təxmin ediblər. Bəzən yerin altı ilə bağlı fikirlər söylənilib, ortaya iddialar atılıb, hətta müxtəlif audio-video sübutlar belə təqdim olunub. Amma buna inananlar az olub.

İndi də belə deyirlər ki, Cəhənnəm əslində Mars planetinin özüdür. Bu iddia din və astronomiyanın kainat haqqında təsəvvürlərinin kəsişdiyi bir mövzudur. Böyük ehtimalla, Marsın qırmızı rəngi, sərt mühiti və mifologiyadakı yeri (Qədim Romada Mars müharibə, od tanrısı idi) bu cür fərziyyələrin yaranmasına şərait yarada bilər.

Mars qırmızı rəngdə olmasına səbəb daimi yanğınlar deyil, səthinin dəmir oksidləri ilə zəngin tozla örtülməsidir. Marsın atmosferi çox sərtdir, səthində mayenin sabit qalması çətindir və insan orada xüsusi həyat dəstəyi olmadan yaşaya bilməz.

Mars həqiqətən alovlu planetdirmi?

Əslində tam əksidir: orta səth temperaturu təxminən −65°C-dir. Temperatur bəzi yerlərdə təxminən −153°C-yə qədər enə bilər. Yəni Mars Antarktidadan soyuqdur. Yalnız yay mövsümünün qızğın vaxtında, ekvator zonasında nadir hallarda donma nöqtəsindən yuxarı qalxır. Bundan əlavə, atmosfer demək olar ki, karbon qazından ibarətdir, oksigen yalnız cüzi miqdardadır; radiasiya səviyyəsi isə Yerdəkindən dörd yüz dəfə yüksəkdir.

Maraqlı bir məqam da budur ki, Marsı qırmızı toz bürüyənə qədər bir vaxtlar çayları və gölləri olub. Yəni bu gün soyuq və quraq olan planet indiki görünüşündən xeyli fərqli olub. Buna görə də Marsı sahiblənmək istəyənlər orada yenidən Cənnət yaratmaq eşqinə düşüblər. Amma Qırmızı Planetdə məskunlaşma xəyalları sərt bir reallıqla toqquşur: insan orqanizmi belə əlverişsiz mühitdə, uzun müddət sağ qala bilməz.

Lakin təbiətə yenilmək istəməyənlər, qara torpaqlarının sırasına qırmızı torpaq da qatmağı düşünən milyarderlər alimləri araşdırmağa vadar ediblər.

Marsda hansı canlı orqanizmlər yaşaya bilər?

Təbiətdə Marsın ekstremal şəraitinə tab gətirə bilən unikal canlı orqanizmlər mövcud imiş. Bu barədə “Science Focus” məlumat yayıb. 2008-2018-ci illər arasında Avropa Kosmik Agentliyi Beynəlxalq Kosmik Stansiyada genişmiqyaslı təcrübələr apararaq, Yerdən olan müxtəlif orqanizmləri Mars mühitinin ciddi şəkildə simulyasiya edildiyi şəraitə məruz qoyub.

Məlum olub ki, tardiqradlar (su ayıları), göbələklər və bəzi bakteriyalar bir ildən artıq müddətdə sağ qala bilirlər, lakin "dayandırılmış həyat" (anabioz) vəziyyətinə keçməklə. Yalnız bəzi şibyə və yosun növləri daha dözümlü çıxıb; onlar radiasiyadan qismən qorunduqda zəif metabolizm əlamətləri nümayiş etdiriblər.

Bioloqlar isə vurğulayırlar ki, passiv (yuxu) vəziyyətdə "sağ qalmaq" ilə tam mənada "yaşamaq və inkişaf etmək" eyni şey deyil. “Ayıq” vəziyyətdə canlıların orada yaşaması mümkün deyil.

Vəziyyəti mürəkkəbləşdirən amil Mars torpağında bol miqdarda mövcud olan aqressiv kimyəvi birləşmələr – perxloratların olmasıdır. Ultrabənövşəyi şüalanmanın təsiri altında bu zəhərli oksidləşdiricilər hüceyrə strukturlarını və DNT-ni məhv edir. Yer kürəsindəki bəzi mikroorqanizmlər bu cür kimyəvi birləşmələri parçalaya bilirlər, bunun üçün də su və istilik tələb olunur – Marsda isə bunların heç biri yoxdur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin