“TikTok”un qurucusu Asiyanın ən varlı şəxsi oldu: sərvəti 105 milyard dolları keçdi

Hazırda oxunan: “TikTok”un qurucusu Asiyanın ən varlı şəxsi oldu: sərvəti 105 milyard dolları keçdi

637195

“ByteDance”ın həmtəsisçisi Can İmin sərvətini 105 milyard dollardan çox artıraraq hindistanlı milyarder Qautam Adanini geridə qoyub və ilk dəfə Asiyanın ən varlı şəxsi olub.

Bizim.Media Valyuta.az-a istinadən xəbər verir ki, 43 yaşlı çinli sahibkarın sərvəti təkcə sentyabr ayında 12 milyard dollardan çox artıb.

Buna “BlackRock”, “Fidelity Investments” və “T. Rowe Price” kimi iri investisiya şirkətlərinin “ByteDance”dakı paylarına verdiyi yeni qiymətlər təsir göstərib.

Bununla belə, Canın sərvəti ilə bağlı hesablamalar fərqlənir. “Forbes” onun sərvətini təxminən 84 milyard dollar qiymətləndirir.

Fərqin əsas səbəbi “TikTok”un sahibi “ByteDance”ın səhmlərinin birjada satılmaması və buna görə şirkətin dəyərinin müxtəlif metodlarla hesablanmasıdır.

“TikTok” böhranından süni intellektə

Can İminin yüksəlişi “ByteDance”ın ABŞ-də ciddi problemlərlə üzləşməsindən bir ildən də az müddət sonra baş verir. “TikTok” ABŞ-də bağlanmaq təhlükəsi ilə qarşılaşsa da, tətbiqin Amerika biznesinə nəzarətin “Oracle” və “Silver Lake”in rəhbərlik etdiyi müəssisəyə verilməsi ilə bağlı razılaşmadan sonra vəziyyət dəyişib.

Bu dövrdən etibarən “ByteDance” süni intellektə investisiyalarını daha da artırıb. Şirkət “Doubao” çatbotu və “Seedance” video generatorunu inkişaf etdirir, eyni zamanda 10 trilyon parametrə malik süni intellekt modeli üzərində işləyir.
 

Can İminin sərvətindəki artımla yanaşı, Qautam Adaninin aktivlərinin ucuzlaşması da sıralamadakı dəyişikliyə təsir edib. İyun ayında təxminən 120 milyard dollarlıq sərvətə sahib olan Adaninin şirkətlərinin bazar dəyəri avqustun sonunda ciddi azalıb.


Can İminin yüksəlişi isə xüsusilə sürətli olub. “Bloomberg” 2019-cu ildə onun sərvətini 13 milyard dollar qiymətləndirirdi. Yeddi il ərzində bu göstərici təxminən səkkiz dəfə artaraq 105 milyard dolları ötüb.

Beləliklə, sosial media platforması ilə qlobal uğur qazanan Can İmin indi sərvətinin artımında süni intellektin də mühüm rol oynadığı yeni mərhələyə qədəm qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin