Qusarda yumurtanın qiyməti yenidən artıb. Adətən qış aylarında bir ədədi 40-50 qəpik arasında satılan kənd yumurtasının qiyməti avqust ayının ortalarından etibarən bahalaşmağa başlayıb.
Bahalaşma əsasən sakinlərin müntəzəm alış-veriş etdiyi Qusar bazarında müşahidə olunur.
Bizim.Media-nın yerli bürosunun araşdırmasına görə hazırda bazarda kənd yumurtasının bir ədədi alıcılara 45 qəpiyə təklif edilir.
Kənd yumurtasının qiymətində əsas fərq alqı-satqı mərhələsində yaranır. Belə ki, kəndlərdə yumurta sakinlərdən 30 qəpiyə alınır, bazarda isə 45 qəpiyə satılır. Beləliklə, məhsulun satışından kəndlidən daha çox alverçi qazanc əldə edir.
Məsələ ilə bağlı Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri İlham İskəndərovun mövqeyini öyrəndik.
Qurum rəsmisi saytımıza açıqlamasında kənd yumurtasının bahalaşmasını bir neçə amillə əlaqələndirib. Onun sözlərinə görə, bir müddət əvvəl ev quşları arasında yoluxucu xəstəlik müşahidə olunub və nəticədə quşların sayı azalıb.
Digər səbəb isə sakinlərin toyuq saxlamaqdan imtina edərək ərazidə fəaliyyət göstərən meyvə-tərəvəz şirkətlərində işləməyə üstünlük verməsidir.
İlham İskəndərov əlavə edib ki, hazırda ev quşlarının yumurtlama dövrü də deyil. Belə ki, oktyabr ayından etibarən toyuqların yumurtlama dövrü yenidən başlayacaq.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri bildirib ki, dövlət ölkədə quşçuluğun səmərəli inkişafında maraqlıdır. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Aqrar Subsidiya Şurası tərəfindən quş saxlayan kəndlilərə də subsidiya verilməsi planlaşdırılır.
Hazırlanan layihədə kəndlilərə yumurtaya görə subsidiya verilməsi nəzərdə tutulur. Layihənin Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamına əsasən hazırlandığı bildirilir.
Layihənin qüvvəyə minməsindən sonra kənd sakinlərinin toyuq saxlamağa marağının artacağı gözlənilir.
Qeyd edək ki, kənd yumurtasının bahalaşması Şimal bölgəsinin Quba və Xaçmaz rayonlarında da müşahidə olunur. Bu rayonlarda da qiymət artımının səbəbləri əsasən eynidir. Xaçmazda ev quşlarının yoluxucu xəstəlik səbəbindən kütləvi şəkildə tələf olması barədə də məlumatlar var.
Mütəxəssislərin bildirdiyi səbəblərlə yanaşı, digər amillərin də qiymət artımına təsir etdiyi qeyd olunur.
Sözsüz ki, dövlət tərəfindən yumurta istehsalına görə subsidiya verilməsi reallaşarsa, toyuq saxlayan kəndlilərin sayının artacağı və bunun da kənd yumurtasının bazardakı təklifinə müsbət təsir göstərəcəyi gözlənilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 17.09.2026
Qusarda kənd yumurtası yenə BAHALAŞDI– FOTO
Hazırda oxunan: Qusarda kənd yumurtası yenə BAHALAŞDI– FOTO
Hazırda oxunan: Qusarda kənd yumurtası yenə BAHALAŞDI– FOTO
637119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































