Şimali Koreya qoşunları Ukraynaya yeridiləcək? – Rusiyanın planı üzə çıxdı

Hazırda oxunan: Şimali Koreya qoşunları Ukraynaya yeridiləcək? – Rusiyanın planı üzə çıxdı

637153

Şimali Koreya hərbçiləri Sumı və ya Xarkov istiqamətində Rusiya bölmələrinin bir hissəsini əvəz edəcək. Bununla da həmin bölmələrin Liman ərazisinə köçürülməsi mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) sentyabrın 16-da yayımladığı hesabatda bildirilir.

ISW-nin məlumatına görə, Rusiyanın “Şimal” qoşun qruplaşmasının fəaliyyəti barədə məlumat verən mənbə sentyabrın 16-da bildirib ki, Ukraynanın şimalında yerləşən Rusiya qüvvələrinin bir hissəsi Liman ərazisində rusların müdafiəsini gücləndirmək üçün mövqelərini tərk edəcək. Onun sözlərinə görə, onların yerinə Şimali Koreya hərbçiləri yerləşdiriləcək.

Mənbə iddia edir ki, bəzi Şimali Koreya zabitləri artıq “tikanlı məftillərin o tərəfində” – ehtimal ki, beynəlxalq sərhədi nəzərdə tutaraq – fəaliyyət göstəriblər. Onların məqsədi döyüş təcrübəsi qazanmaq və kəşfiyyat aparmaq olacaq.
 

“Bu mənbə Şimali Koreya qoşunlarının qüvvələrin belə yenidən bölüşdürülməsi nəticəsində Ukrayna ərazisinə daxil ola biləcəyinə işarə edir. ISW bu mənbənin iddialarını təsdiqləyə bilmir və Şimali Koreya qoşunlarının Ukraynada fəaliyyət göstərdiyinə dair hər hansı əlamət müşahidə etmir”, – hesabatda qeyd olunur.


Analitiklərin fikrincə, Şimali Koreya qoşunlarının Ukraynada mümkün yerləşdirilməsi Pxenyanın müharibəyə cəlb olunmasında kəskin eskalasiya demək olardı. Bu isə beynəlxalq ictimaiyyətdən, xüsusilə Cənubi Koreyadan öz siyasi mövqelərini yenidən nəzərdən keçirməyi tələb edə bilər.

Mənbə həmçinin Sumı şəhərinin cənub-şərqinə iki Rusiya batalyonunun mümkün yerdəyişməsi barədə məlumat verib. Söhbət Rusiya “Şimal” qoşun qruplaşmasının operativ nəzarətində olan 1-ci motoatıcı alayın batalyonlarından gedir. Bildirilir ki, onlar Ryasnoye yaşayış məntəqəsi istiqamətinə doğru hərəkət edəcək.

Daha əvvəl UNİAN yazıb ki, KXDR Rusiyaya on minlərlə hərbçi göndərəcək. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Moskva 50 minədək Şimali Koreya hərbçisini qəbul etməyə hazırlaşır. Əvvəlki qiymətləndirmələrdə bu rəqəm daha aşağı – təxminən 30 min nəfər göstərilirdi.
 

Avqust ayında Ukrayna Baş Kəşfiyyat İdarəsi (QUR) KXDR-in Rusiyaya yeni hərbçilər göndərdiyini və onların sayının artıq 8 500 nəfərə çatdığını bildirmişdi. Onların arasında Ukraynada hədəflərə zərbələr endirə bilən dronların idarə olunması üzrə bölmənin də olduğu qeyd edilmişdi.


Qeyri-kommersiya təşkilatı “Saratoga Foundation”un rəhbəri Qlen Hovard bildirib ki, KXDR Ukraynadakı müharibəyə görünməmiş dərəcədə cəlb olunub. Onun sözlərinə görə, Şimali Koreya döyüş meydanında əldə etdiyi təcrübədən kiçik və orta mənzilli zərbə dronlarının kütləvi istehsalında istifadə edir.

O hesab edir ki, Pxenyan əldə etdiyi taktiki təcrübəni Koreya yarımadasında tətbiq edə bilər.

“Rusiya ilə Şimali Koreyanın ittifaqı daimi operativ alyansa çevrilir və Pxenyan gələcəkdə Koreya yarımadasında baş verə biləcək münaqişə zamanı Rusiyanın birbaşa yardımına arxalanacaq”, – ekspert qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin