Nöqsanlar aşkarlanan “Vital Hospital” barədə QƏRAR VERİLDİ – RƏSMİ

Hazırda oxunan: Nöqsanlar aşkarlanan “Vital Hospital” barədə QƏRAR VERİLDİ – RƏSMİ

637143

Xəbər verdiyimiz kimi iki ay əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən bağlanması qərarı verilən “Vital Hospital” hələ də fəaliyyətini davam etdirir. Halbuki iyulda aparılan yoxlama zamanı çoxsaylı nöqsanlar aşkarlanıb və stasionar tibbi xidmətin dayandırılması qərara alınmışdı.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sözügedən klinikanın gələcək taleyi ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, klinikaya fəaliyyət göstərməyə rəsmi icazə verilib:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsaslanaraq, 21-23 iyul 2026-cı il tarixləri arasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də (hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S. Rəhimov küçəsi 188, faktiki ünvan: Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi 1 ev 56 VÖEN: 1400019871) plandankənar yoxlama keçirildiyi barədə geniş ictimaiyyət məlumatlandırılıb.
 

Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verə biləcək bir sıra qanun pozuntuları aşkar edilib, klinikanın fəaliyyəti müvəqqəti dayandırılıb, çatışmazlıqların aradan qldırılması üçün MMC rəhbərliyinə iki həftə vaxt verilib. Sahibkara müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcəyi və nəticəyə uyğun müvafiq addımlar atılacağı barədə xəbərdarlıq edilib.



AEM tərəfindən 13-14 avqust 2026-cı il tarixlərində həmin klinikada təkrar yoxlama keçirilib. Təkrar yoxlama zamanı əvvəlki yoxlama materiallarında qeyd edilmiş nöqsanların aradan qaldırılması istiqamətində müəssisə tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi müəyyən edilib.

Aparılan təkrar yoxlamanın nəticələrinə əsasən müəyyən edilib ki, əvvəlki yoxlama zamanı xüsusən, doğuşayardım xidmətinin təşkili ilə bağlı qeyd olunan əsas nöqsanların aradan qaldırılması istiqamətində müəssisə tərəfindən məqsədyönlü və kompleks tədbirlər həyata keçirilib.

Doğuşayardım xidmətinin struktur-funksional təşkili, pasiyentlərin qəbulu və mamalıq müşahidəsi, doğuş prosesinin təşkili, operativ mamalıq yardımına hazırlıq, sanitariya-epidemioloji rejim, sterilizasiya və dezinfeksiya, tibbi avadanlıqların yerləşdirilməsi, tibbi tullantıların idarə olunması, tibbi sənədləşmə üzrə əvvəlki iradların aradan qaldırılması təmin edilib. Mövcud təşkilati tədbirlər doğuşayardım xidmətinin təhlükəsizliyinin, tibbi yardımın fasiləsizliyinin və ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.
 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə bağlı normativ yanaşmalarında müəssisə rəhbərliyinin doğuşayardım fəaliyyətinə nəzarəti, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlərin görülməsi və tibb işçilərinin vəzifə təlimatlarına riayət etməsinə nəzarətin gücləndirilməsi xüsusi vurğulanır.



Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Mərkəz tərəfindən özəl tibb müəssisəsində 21 iyul 2026-cı il və 14 avqust 2026-cı il tarixlərində keçirilən xidməti yoxlamalar zamanı tərtib edilmiş sənədlər növbəti icraata göndərilib. Müəssisədə keçirilən sonuncu yoxlamada aşkar edilən nöqsanların aradan qaldırılmasını, eyni zamanda ekspert rəyləri də nəzərə alınmaqla yoxlama prosesinin yekunlaşdığı klinika rəhbərliyinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, iyul ayında “Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilmişdi. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım etmişdi.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb. Məsələ ictimailəşəndən sonra Səhiyyə Nazirliyinin Analitik Ekslertiza Mərkəzi “Vital Hospital” da araşdırmalara başlayıb və yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin