Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Hazırda oxunan: Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

631864

Rusiya, Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi rusiyalı jurnalistlərin qanuni hüquq və mənafelərinin müdafiəsini ehtiyac yaranacağı təqdirdə təmin edəcək.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Ehtiyac yaranarsa, vətəndaşlarımızın qanuni hüquq və mənafelərinin müdafiəsini təmin edəcəyik", - diplomatın şərhində qeyd olunub.

Zaxarova Azərbaycanın informasiya məkanında Rusiyaya qarşı qeyri-dost narrativlərin mövcud olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Rusiya tərəfi azərbaycanlı həmkarlarına informasiya mühitinin sağlamlaşdırılması məsələlərini media fonu yaratmadan, siyasiləşdirmədən, sakit şəkildə və müvafiq məsləhətləşmələr çərçivəsində müzakirə etməyi dəfələrlə təklif edib. Diplomat belə bir dialoqun baş tutacağına ümidvar olduğunu bildirib.
 

Zaxarova həmçinin vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun zorla devrilməsinə çağırışlar ittihamı ilə axtarışa verilən Rusiya vətəndaşlarının bəyanatları Moskvanın Bakı ilə münasibətlərə dair yanaşmasını əks etdirmir.


"Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - Rusiya XİN-in rəsmi saytında yerləşdirilən açıqlamada vurğulanıb.

Xatırladaq ki, avqustun 17-də Azərbaycanın Baş Prokurorluğu terrorizm çağırışlarına görə Rusiyanın üç vətəndaşını beynəlxalq axtarışa verib: bunlar "Moskva 24" televiziya kanalının aparıcısı və jurnalist İvan Andreyeviç Knyazev; Rusiya Federasiyasında özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, televiziya jurnalisti və müxbir kimi çalışan Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.
 

Baş Prokurorluğun açıqlamasına görə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar ittihamları ilə başlanmış cinayət işi üzrə ilkin istintaq aparılır.


Bu gün səhər Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Yevdokimovu çağırıb, diplomata həmin ölkənin mediasında Azərbaycan xalqı və onun rəhbərliyinə qarşı son təxribatçı açıqlamalarla bağlı sərt etiraz bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin