Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

Hazırda oxunan: Son əsərini yandırdı, 10 gün sonra dünyadan köçdü – Dahi yazarın müəmma dolu SON GÜNLƏRİ

631814

12 fevral 1852-ci il. Gecə yarısı Moskvanın Nikitski Bulvarında yerləşən Qraf Aleksandr Tolstoyun evindəki soba sadəcə otağı isitmək üçün yanmırdı. O gecə həmin sobada Rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Nikolay Qoqolun təxminən on il üzərində işlədiyi əlyazmalar yandırılırdı.

Daha dəqiq desək Qoqolun “Ölü canlar” əsərinin ikinci hissəsi...

Nə təsadüfdürsə bu hadisədən cəmi 10 gün sonra böyük yazıçı də həyata “Əlvida” deyir. Bu iki hadisə - yanğın və yazıçının ölümü 175 ildir ki, Rus ədəbiyyatının ən çox müzakirə olunan mövzulardan biridir.

Əfsanəyə çevrilən bir gecə

Həmin gecə baş verənlər yalnız Qoqolun həyatının son aylarında onunla birlikdə olan xidmətçi Semyona və evin ağası Qraf Tolstoya məlum idi.

Amma tarixi sənədlərdə deyilir ki, həmin axşam Qoqol xidmətçisini yanına çağırır. Ona gətirilmiş sənədlərlə birlikdə portfelini yanan sobaya atmasını söyləyir. Xidmətçi də əlyazma dolu dəftərləri bir-bir sobaya atır.

Yaxınlarının dediyinə görə, ertəsi gün səhər Qoqol ağlayaraq Şər qüvvələrin onu aldatdığını, illüziyaya qapıldığını və əsəri yenidən yazmaq istədiyini bildirir. Bu fikri daha çox Qraf Tolstoy söyləyirmiş.

Əslində nə baş verirdi?

Rus tədqiqatçıları əsl həqiqəti bilmək üçün bir qədər əvvələ 1845-ci ilə qayıtmağı tövsiyə edir.
 

1845-ci ilin yayında xaricdə yaşayan və ağır emosional böhran yaşayan Qoqol “Ölü canlar”ın ikinci cildinin  əlyazmasını yandırmışdı. O, bu barədə dostlarına, xüsusən də Aleksandra Smirnova-Rossetə yazaraq əlyazmanın onun yaradıcılığına layiq olmadığı üçün məhv etdiyini etiraf etmişdi. Guya ki, Qoqol ikinci cildin müsbət personajlarını birinci cildin satirik personajlarını yaratdığı qədər inandırıcı şəkildə yarada bilməmişdi. Yeni Sobakeviç, Plyuşkin və Nozdrevlər canlı və bitkin obraz kimi ortaya çıxmamışdı.


Bundan sonra o, yenidən yazmağa başladı və bir neçə il ikinci hissənin üzərində işlədi. Nəhayət 1852-ci ilin əvvəllərində Qoqolun əlində bir əlyazma var idi. Və o, dəfələrlə əlyazmanı dostlarına ucadan oxuyurdu.

Təbii ki, Sergey Aksakov da daxil olmaqla bir çox dinləyicisi əsəri çox yüksək qiymətləndirirdi. Yəni, söhbət yeni yaranma mərhələsində olan bir əsərdən getmirdi. Sadəcə ikinci cild kifayət qədər tam formada hazır idi.

Nəzərə alaq ki, "Ölü canlar" konsepsiyası əvvəldən Dantenin "İlahi komediya" əsərinə əsaslanırdı.

Birinci cild ölü canların və insan əxlaqsızlıqlarının aləmi olan Cəhənnəm təsvir edilirdi. İkincidə isə qəhrəmanların əzab və günahlarının etirafı başlayırdı. Üçüncüdə isə transformasiya olunmuş Rusiya cənnəti təsviri olunurdu.  Qoqolun məqsədi sadəcə ədəbi hadisə yaratmaq deyildi. O yeni əsərindəki personajlarının vasitəsilə bütün ölkənin mənən yenidən doğulmasını göstərirdi.

Yəni Qoqol mövcud Rusiyanı, çar rejimini qəbul edə bilmirdi və xəyalında yeni cənnət bir Rusiya yaratmışdı.

Yazıçının son illərini ətraflı araşdıran bioqraf İqor Zolotusski də daxil olmaqla, onun əsərlərinin bir çox tədqiqatçısı da etiraf edir ki, Qoqol həyatının son illərində yaradıcılığına yazıçı kimi yox, filosof kimi yanaşırdı. O, cəmiyyətə yeni imkanlar təqdim etməyə çalışırdı.

Ata Matvey və dini dönüş

Qoqolun ömrünün son illərindəki bu dəyişikliyi tədqiqatçılar dini amillərlə bağlayırlar. Belə ki, yazıçı son illərində Rjev protokeşi Matvey Konstantinovski ilə çox yaxınlıq edirdi. Qoqol keşişlə ilk dəfə 1850-ci ildə əvvəllərində görüşmüş və onun moizəsindən çox təsirlənmişdi. Ata Matvey yazıçını dünyəvi ədəbiyyatdan tamamilə imtina etməyə çağırırdı.

Keşiş bədii yaradıcılığın ruhun xilasından yayındırdığına və pisliklərin, hətta satirik məqsədlər üçün belə təsvir edilməsinin günah olduğuna Qoqolu inandırmışdı.

Qoqolun tədqiqatçıları etiraf edirlər ki, Ata Matveyin Qoqolun üzərində böyük təsiri var imiş. Etimal ki, “Ölü canlar”ın ikinci cildinin yandırılmasını da ondan keşiş istəyib.
 

Bu fikri təsdiqləyən daha bir fakt ondan ibarətdir ki, Qoqol həyatının son ilində il boyu oruc tururmuş. Bu da fiziki cəhətdən yazıçını əldən salıbmış. Oruc tutub, dua eləməklə Qoqol Tanrıdan günahlarının bağışlanmasını istəyirmiş.


Yazıçının son günlərini araşdıran müasir həkimlər və tədqiqatçılar hesab edirlər ki, məhz bədəninin tükənməsi onun depressiyasını və çaşqınlığını daha da artırıb. Yorğun bir bədəni müalicə etməksə o dövrdə çox çətin idi.

Ona görə də 12 fevral gecəsi Qoqol sadəcə mənəvi böhran vəziyyətində deyildi, həm də ağır fiziki və zehni tükənmə vəziyyətindəydi. Məhz bu vəziyyətdə o, ertəsi gün səhər peşman olacağı bir qərar vermişdi. Lakin artıq gec idi. Dünya dahi ədibin unudulmaz əsərinin ikinci cildindən məhrum qalmışdı...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin