Şirvan Apellyasiya Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Nicat Lələzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayətinin bəzi detalları məlum olub.
Bizim.Media Pravda.az-a istinadla xəbər verir ki, iş üzrə ittihama əsasən, təqsirləndirilən şəxs 2017-ci il tarixdən rəsmi nikahda olduğu, lakin 2023-cü ilin əvvəllərindən faktiki olaraq ayrı yaşadığı arvadı, zərərçəkmiş Əfsanə Lələzadənin başqa kişilərlə yaxın münasibətdə olmasından şübhələnib.
Bundan başqa, 2025-ci ildə Lənkəran şəhərində keçirilən mediasiya prosesi zamanı arvadının rəsmi qaydada boşanmaq istəməsi və onunla barışaraq birlikdə yaşamaq üçün Bakı şəhərinə köçmək təklifini qəbul etməməsi də Nicat Lələzadənin qəzəbinə səbəb olub.
İttihama görə, təqsirləndirilən şəxs arvadından qisas almaq və onu öldürmək qərarına gəlib. Hadisə günü saat 6 radələrində yaşadığı evdən məişət təyinatlı mətbəx bıçağını götürərək Lənkəran rayonu, Liman şəhərində yerləşən evin qarşısına gəlib. O, Əfsanənin işə getmək üçün evdən çıxmasını gözləyib.
Saat 8 radələrində qadının həmin küçəyə gəldiyini görən Nicat ona yaxınlaşıb. Əvvəlcədən özü ilə gətirdiyi bıçağı çıxararaq - "bizim kinomuz bura qədər idi", - deyib və Əfsanənin saçlarından tutaraq ona çox sayda bıçaq zərbəsi endirib.
Məhkəmə-tibb ekspertizasının nəticələrinə görə, zərərçəkmişə ümumilikdə 17 xəsarət yetirilib. Xəsarətlərdən biri plevra boşluğunda qanaxma və kəskin qanitirmə ilə müşayiət olunub və nəticədə Əfsanə Lələzadə həyatını itirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Lələzadə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
Müdafiəçi hökmün dəyişdirilməsini, Nicat Lələzadənin əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib. Həmçinin təqsirləndirilən şəxsin hadisədən sonra könüllü şəkildə polisə təslim olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınaraq daha yüngül cəza təyin edilməsi xahiş olunub.
Müdafiə tərəfi hesab edir ki, birinci instansiya məhkəməsində Nicat Lələzadə özünü xüsusi amansızlıqla adam öldürmədə təqsirli bilməyib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, arvadını ona xəyanət etdiyini düşündüyü üçün "cəzalandırmaq" məqsədilə bıçaqlayıb, lakin qadını öldürmək niyyətində olmayıb.
Nicat bildirib ki, Əfsanə işə gedərkən qarşısına çıxıb və ona bir neçə bıçaq zərbəsi endirib. O, cəmi bir və ya iki zərbə vurduğunu iddia edib.
Müdafiəçi ekspertiza rəyi ilə də razılaşmayıb. O, hesab edir ki, zərərçəkmiş şəxs özünü müdafiə etdiyi üçün bıçağın bədənin müxtəlif nahiyələrinə toxunması nəticəsində yaranan sıyrıq və cızıqlar sonradan bıçaq zərbələri kimi qiymətləndirilib.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi də apellyasiya şikayəti verib. Nümayəndə hökmün dəyişdirilməsini və Nicat Lələzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bizim.Media




































































































