“Amazon”un təsisçisi Ceff Bezos, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və qızı İvanka Tramp Mayamidəki “İndian Creek” adasında yaşasalar da, ərazinin nüfuzlu Kənd Klubuna üzv ola bilməyiblər.
Bizim.Media xəbər verir ki, adadakı yaşayış yerlərindən müstəqil fəaliyyət göstərən klubun təxminən 300 üzvü var və hazırda tam tutumla fəaliyyət göstərir.
Kluba yeni üzv olmaq üçün namizəd mövcud üzvlərdən biri tərəfindən təqdim edilməli və 15 nəfərlik direktorlar şurasının ən azı 75 faizinin razılığını almalıdır.
Qaydalara əsasən, hətta idarə heyətinin bir üzvünün namizədə qarşı çıxması onun üzvlüyünün qarşısını almaq üçün kifayət edə bilər. Bu səbəbdən yüksək giriş haqqını ödəmək kluba üzv olmaq üçün yetərli deyil.
“The Wall Street Journal”ın məlumatına görə, Ceff Bezos adada 147 milyon dollardan çox vəsait xərcləyərək ən azı üç mülk alıb.
Cared Kuşner və İvanka Tramp isə 2021-ci ildə adada təxminən 30 milyon dollara torpaq sahəsi və 24 milyon dollara malikanə alıblar. Daha sonra evdə genişmiqyaslı təmir işləri aparılıb və cütlük adaya köçüb.
Klubun giriş haqqının son dövrdə təxminən 150-500 min dollar aralığına yüksəldiyi, illik üzvlük haqqının isə 20 min dollar civarında olduğu bildirilir.
Kuşner və İvanka Trampın 2021-ci ildə adaya köçməsi zamanı bəzi klub üzvlərinin onların mümkün üzvlüyünə siyasi səbəblərlə etiraz etdiyi də qeyd olunur.
Xüsusi polis qüvvələri tərəfindən qorunan adada təxminən 41 yaşayış evi yerləşir. Ada materiklə yalnız bir körpü vasitəsilə əlaqəlidir.
Adanın sakinləri arasında Tom Bredi və Mark Zukerberq kimi məşhur milyarderlər də var. Lakin adada mülk sahibi olmaq avtomatik olaraq Kənd Klubuna üzvlük hüququ vermir.
Son illərdə ultravarlı şəxslərin adaya marağının artması həm daşınmaz əmlak qiymətlərini, həm də klubun sosial və maliyyə baryerlərini yüksəldib. (qafqazinfo.az)



Bizim.Media






























































































