Macarıstanın enerji sistemindəki gərgin vəziyyət fonunda Budapeşt rəhbərliyi elektrik enerjisinə qənaət tədbirləri tətbiq edir.
Bizim.Media xəbər verir ki, bu barədə "HVG" məlumat yayıb.
Şəhərin meri Qerqey Karaçonun bildirdiyinə görə, metro və tramvay xətlərində hərəkət qrafiki dəyişdiriləcək: qatarlar daha az sürətlə hərəkət edəcək və bu səbəbdən gediş müddəti bir neçə dəqiqə uzanacaq.
Bunun sayəsində hər gün təxminən 15 meqavat-saat elektrik enerjisinə qənaət ediləcəyi gözlənilir.
Bundan əlavə, iş günlərində bəzi marşrutlarda trolleybusların bir hissəsi müvəqqəti olaraq enerjiyə qənaət edən kondisioner sistemləri ilə təchiz olunmuş müasir dizel avtobusları ilə əvəzlənəcək.
Merin sözlərinə görə, Macarıstanın enerji sistemi son onilliklərin ən ciddi sınaqlarından biri ilə üzləşib, ona görə də kiçik bir qənaət belə elektrik təchizatında kəsintilərin qarşısını almağa kömək edəcək.
Enerji istehlakını azaltmaq tədbirləri çərçivəsində Budapeştdə parlament binasının dekorativ işıqlandırması söndürüləcək, həmçinin Buda qəsrinin binalarının işıqlandırılması bazar ertəsinə qədər mərhələli şəkildə dayandırılacaq.
Bizim.Media



































































































