Litva Prezidenti Gitanas Nauseda ölkə Konstitusiyasında nüvə silahının yerləşdirilməsini qadağan edən bəndin köhnəldiyini və ləğv edilməli olduğunu bəyan edib.
Bizim.Media Litva KİV-ə istinadla xəbər verir ki, Dövlət başçısının təşəbbüsü ilə keçirilən ali rəsmi görüşdə Seymin (parlament) demək olar ki, bütün fraksiya rəhbərləri bu fikirlə razılaşdıqlarını bildiriblər.
İclasın keçirilməsinə əsas səbəb ölkədə Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı müzakirələrin aktivləşməsidir.
Bu müzakirələrin alovlanmasına Prezident Nausedanın may ayında "Klaypeda Dövlət Dəniz Limanı haqqında" qanuna qoyduğu veto səbəb olub. Həmin qanun layihəsi milli təhlükəsizlik maraqlarına zidd olmadığı təqdirdə, göyərtəsində nüvə silahı daşıyan gəmilərin Litvanın ərazi sularına daxil olmasına icazə verirdi.
Lakin prezident qanunun Konstitusiyaya zidd olduğunu əsas gətirərək onu bloklamışdı. Çünki ölkənin konstitusiyası Litva ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qəti şəkildə qadağan edir.
Görüşdən sonra mətbuata açıqlama verən Gitanas Nauseda qlobal və regional geosiyasi vəziyyətin kəskin pisləşdiyini, Konstitusiyanın isə tamamilə fərqli dövrdə qəbul olunduğunu vurğulayıb:
"Bu, heç bir istisnası olmayan mütləq qadağadır. Litva faktiki olaraq NATO daxilində özünə belə bir məhdudiyyət qoyan yeganə dövlətdir. Biz bu amili mütləq nəzərə almalıyıq. Bu gün Litva NATO-nun daxilində özünəməxsus bir “boz zona”ya çevrilib. Alyans daxilində ən zəif bənd və ya boz zona olaraq qalmağımız son dərəcə təəssüf doğurardı".
Referendumsuz sürətli prosedur və siyasi dəstək
Prezidentin sözlərinə görə, referendumun keçirilməsi çox vaxt aparacağı üçün dəyişiklik birbaşa Seymdə səsvermə yolu ilə həyata keçirilməlidir. Bu təşəbbüs parlament spikeri Yuozas Olekas (Juozas Olekas) və Milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Rimantas Sinkeviçyus tərəfindən də dəstəklənir.
Müxalifətin aparıcı qüvvəsi, mühafizəkarların lideri Laurinas Kaşçyunas (Laurynas Kasčiūnas) da hakim koalisiyaya bu məsələdə tam dəstək verəcəklərini vəd edib. Yalnız "Nemunas şəfəqi" və "Litva Kəndlilər və Yaşıllar İttifaqı" partiyaları məsələyə bir qədər skeptik yanaşırlar.
Qeyd edək ki, Konstitusiyaya dəyişiklik edilməsi üçün 141 deputatdan azı 94-nün 3 ay fasilə ilə iki dəfə lehinə səs verməsi tələb olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:40 / 03.07.2026
Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir
Hazırda oxunan: Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir
Hazırda oxunan: Litvadan GÖZLƏNİLMƏZ ADDIM - Nüvə silahı ilə bağlı tarixi qadağa ləğv edilir
623082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































