ABŞ və İran arasındakı müharibəyə son qoyan rəsmi qarşılıqlı anlaşma memorandumunun detalları ictimaiyyətə açıqlanıb. ABŞ-nin müharibə öncəsi qarşıya qoyduğu strateji hədəflər baxımından bu sənəd rəsmi Vaşinqton üçün "dəhşətli mənzərə" yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "19FortyFive" analitik portalı üçün məqalə yazan hərbi ekspert, doktor Robert Farli bəyan edib.
Müəllif hesab edir ki, sənəd yalnız Donald Tramp administrasiyasının dörd ay əvvəl başladığı "mənasız və dağıdıcı müharibəni" dayandırdığı üçün dəstəyə layiq görülə bilər. Lakin bütövlükdə bu memorandum ABŞ-nin mövqelərini gücləndirmir, əksinə, "müharibənin çəkilən xərclərə dəymədiyinin açıq etirafıdır".
Rəsmi təsdiqini tapan sənədə əsasən, tərəflər hərbi əməliyyatları dərhal dayandırır. Bunun ardınca isə Vaşinqton üçün olduqca ağır şərtlər işə düşür:
Nüvə və aktivlər danışıqları: İki ay ərzində (60 gün) İranın nüvə proqramı və dondurulmuş aktivləri barədə müzakirələr aparılacaq.
300 milyardlıq fond: Danışıqlar prosesində mərhələli şəkildə işə düşəcək 300 milyard dollarlıq irihəcmli bərpa və investisiya fondu yaradılır.
Blokadanın ləğvi: İrana qarşı tətbiq edilən dəniz və liman blokadası, həmçinin Hörmüz boğazındakı məhdudiyyətlər qrafik üzrə yumşaldılır.
Müştərək idarəçilik: Müharibənin əsas düyün nöqtəsi olan Hörmüz boğazında ilk 60 gündə heç bir rüsum yığılmayacaq, daha sonra isə boğaz üzərində İran-Oman müştərək idarəçiliyi yaradılacaq. Bu isə Tehrana gələcəkdə müəyyən rüsumlar tətbiq etmək hüququ verir.
Neft ixracının bərpası: İran neft ixracını dərhal bərpa edir. Bu, ölkə iqtisadiyyatını Trampın birinci prezidentlik dövründən bəri ən güclü nöqtəyə daşıyır. Eyni zamanda, İranın ballistik raket, PUA proqramları və regional müttəfiqlərinə (proksi qüvvələrə) verdiyi dəstək sazişdən kənarda qalıb və toxunulmaz saxlanılıb.
Doktor Robert Farli sənədin şərtlərini İsrail üçün "fəlakətli" adlandırır. ABŞ rəsmi Təl-Əvivə Livandakı ("Hizbullah"a qarşı) hücumları dayandırmaq və İrana qarşı yeni zərbələrdən imtina etmək üçün ciddi təzyiqlər göstərir. İsrail nəzəri cəhətdən bu prosesi pozmağa çalışsa bədəl ödəyə bilər, çünki onun diplomatik və hərbi imkanları müharibənin başladığı 28 fevral tarixinə nisbətən hazırda xeyli zəifdir.
Məqalədə qeyd olunur ki, noyabrda keçiriləcək aralıq seçkilərinə iki ay qalmış Tramp daxili siyasətdəki aşağı reytinqləri fonunda müharibəni yenidən alovlandırmaqda maraqlı deyil. İran tərəfi isə Ağ Ev rəhbərinin bu zəifliyini çox yaxşı bilir.
Tehran rəsmi Vaşinqtondan sanksiyaların tamamilə ləğvini, 100 milyard dollarlıq dondurulmuş aktivlərə çıxışı və 300 milyardlıq fondda iştirakı təmin edib. Bu şərtlər İranı vaxtilə Trampın ləğv etdiyi "Nüvə sazişi"ndən (JCPOA) qat-qat daha əlverişli və güclü mövqeyə gətirir. Ekspertə görə, İran bu müharibədən əsas dərsi çıxardı: o, Hörmüz boğazını istədiyi vaxt ciddi fəsadlarla üzləşmədən bağlaya biləcəyini sübut etdi.
Sonda müəllif vurğulayır ki, Donald Tramp və Müdafiə naziri Pit Hegset hərbi gücü asanlıqla siyasi-iqtisadi dividentə çevirə biləcəklərini düşünərək böyük səhvə yol verdilər. Nəticədə İran İslam Respublikası fövqəldövlət üzərində böyük strateji qələbə qazandığını bəyan edərək, öz yeni nəsil siyasi liderlərinin legitimliyini qətiyyətlə möhkəmləndirdi.
Bizim.Media






























































































