Qədim Roma dövrünün iki məşhur tarixçisinin əsərləri İsa peyğəmbərin real tarixi şəxsiyyət olduğuna dair Müqəddəs Kitabdan (İncildən) kənar ən ciddi sübutlar kimi yenidən elmi ictimaiyyətin diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın "Daily Mail" qəzetinin yaydığı məlumata görə, söhbət Roma imperiyasının ən nüfuzlu salnaməçisi Tasit və Xristun çarmıxa çəkilməsindən cəmi bir neçə onillik sonra yaşamış yəhudi əsilli tarixçi İosif Flavidən gedir.
Xristian olmayan bu müəlliflərin qeydləri İsa peyğəmbərin İudeyada yaşadığını, edamının isə birbaşa Roma prokuratoru Ponti Pilatın adı ilə bağlı olduğunu müstəqil şəkildə təsdiqləyir.
Məşhur bibliyaşünas alim Lourens Mikityuk qədim Roma və yəhudi mətnlərini yenidən analiz edərək bəzi mühüm detalları üzə çıxarıb. Roma senatoru və konsulu olmuş Korneli Tasit eramızın 116-cı ilində yazdığı "Annallar" əsərində imperator Neronun eramızın 64-cü ilindəki Böyük Roma yanğınına görə xristianları necə günahlandırdığını təsvir edib.
Tasit qeyd edib ki, bu hərəkatın adı imperator Tiberinin dövründə İudeya prokuratoru Ponti Pilat tərəfindən edam edilmiş Xristos (Christus) adlı şəxsdən götürülüb. Tarixçilərin fikrincə, Tasitin xristianlığa nifrət etməsi və onu "zərərli xurafat" adlandırması bu sübutun dəyərini daha da artırır.
Çünki Roma senatorunun özünə yad olan bir dini hərəkatın rəhbəri barədə faktları uydurması üçün heç bir səbəbi yox idi.
Digər mühüm sübut isə İosif Flavinin "Yəhudi qədimliyi" əsərində yer alıb. Müəllif kilsə liderlərindən biri olan Yaqubun edamından bəhs edərkən oxucuya söhbətin hansı Yaqubdan getdiyini izah etmək üçün onu "Xristos adlandırılan İsanın qardaşı" kimi təqdim edir.
Tarixçilər vurğulayırlar ki, İsanın adının mətndə əsas qəhrəman kimi deyil, sadəcə başqa bir şəxsi tanıtdırmaq üçün təsadüfi çəkilməsi bu qeydin sonradan uydurulmadığını və həqiqiliyini sübut edir.
Müasir elm dünyasında İsa peyğəmbərin real şəxsiyyət olub-olmaması artıq müzakirə edilmir, alimlər yalnız onun bioqrafiyasının detallarını araşdırırlar.
Ekspertlər qeyd edirlər ki, qədim dövrdə xristianlığı tənqid edən bütpərəst və yəhudi müəlliflər İsanı sehrbazlıqda və ya insanları aldatmaqda ittiham etsələr də, onların heç biri onun tarixdə mövcud olduğunu heç vaxt şübhə altına almayıblar. İsanın xəyali bir personaj olması iddiası yalnız əsrlər sonra ortaya atılıb.
Bizim.Media
































































































