Türkiyənin Manisa vilayətinin Kula rayonunda 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari toqquşmada Aytekin Akkaya və Nadir Salmanov (56) həyatını itirib, 4 nəfər yaralanıb.
Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, qəza yerli vaxtla saat 19:15 radələrində İzmir-Uşak avtomobil yolunun Kula rayonundakı Kavacık enişində baş verib.
Yağışın yaratdığı sürüşkən yol səbəbindən Nadir Salmanovun idarə etdiyi 99 ZC 168 dövlət nömrə nişanlı, kimyəvi maye ilə yüklənmiş yük maşını 06 AU 2777 dövlət nömrə nişanlı yük maşınının arxasına və Rüstəm B.-nin (38) idarə etdiyi 20 PV 447 dövlət nömrə nişanlı yüngül kommersiya nəqliyyat vasitəsinə çırpılıb.
Qəza səbəbindən 99 ZC 168 dövlət nömrə nişanlı yük maşını yolun kənarındakı tarlaya, digər yük maşını isə yola aşıb.
Əraziyə çoxsaylı təcili yardım maşınları, yanğınsöndürmə maşınları və polis qrupları göndərilib. Hadisə yerinə gələn tibb qrupları yüngül kommersiya avtomobilində olan sərnişin Aytekin Akkaya və yük maşınının sürücüsü Nadir Salmanovun həyatını itirdiyini müəyyən ediblər.
Yüngül kommersiya avtomobilinin yaralı sürücüsü Rüstəm B., sərnişinlər Bülent K. (25) və Adem K. (44), eləcə də digər yük maşınının sürücüsü Osman A. ilkin tibbi yardım aldıqdan sonra təcili yardımla Kula Dövlət Xəstəxanasına aparılıblar.
Qeyd edək ki, Nadir Salmanov bu il yanvarın 23-də Türkiyənin Samsun şəhərində ölümlə nəticələnən başqa bir yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Həmin vaxt onun avtomobilinə çırpılan motosikletin sürücüsü həyatını itirmişdi.
Bizim.Media

































































































