ABŞ-nin vitse-prezidenti Cey Di Vens keçmişdə işlətdiyi qalmaqallı ifadə ilə bağlı gözlənilməz etiraf edib. Siyasətçi iyunun 16-da işıq üzü görən "Communion" adlı yeni avtobiografik kitabında Demokratlar Partiyasının bəzi tanınmış simalarını "bədbəxt uşaqsız pişiksevər qadınlar" adlandırmasını "böyük axmaqlıq" və "şəxsi məğlubiyyət anı" kimi xarakterizə edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
Xatırladaq ki, Cey Di Vens bu qalmaqallı bəyanatı ilk dəfə 2021-ci ildə "Fox News" telekanalının aparıcısı Taker Karlsona müsahibəsində səsləndirmişdi.
2024-cü ilin prezident seçkiləri marafonunda Donald Tramp onu özünə vitse-prezident namizədi seçdikdən sonra bu ifadə yenidən gündəmə gəlmişdi. O zaman Vens üzr istəməkdən imtina edərək bunun "sadəcə satira" olduğunu və pişiklərə qarşı heç bir qərəzinin olmadığını bildirmişdi. Lakin onun bu inadkarlığı cəmiyyətdə, eləcə də Cennifer Eniston və Teylor Svift kimi Hollivud ulduzları arasında güclü etiraz dalğası yaratmışdı.
İndi isə 41 yaşlı vitse-prezident öz ritorikasını tamamilə dəyişərək daha təmkinli mövqe nümayiş etdirib:
"Həyatımda etdiyim ən böyük axmaqlıqlardan biri Demokratlar Partiyasından olan “uşaqsız pişiksevər qadınların” ölkəni uçuruma apardığını iddia etməyim olub. Bu, tamamilə şüursuz bir şərh idi. Auditoriyanı maarifləndirmək üçün deyil, sırf ucuz bir təxribat xatirinə düşünülmüş və təəssüf ki, uğurlu alınmış bir addım idi".
Vensin yeni kitabı onun 2016-cı ildə işıq üzü görən və ona böyük şöhrət qazandıran "Hillbilly Elegy" ("Hillbilli elegiyası") bestsellerinin davamıdır. Bu yeni əsərdə müəllif əsasən özünün mənəvi axtarışlarından və yetkin yaşlarında dərk edərək Roma-Katolik kilsəsinə (katolisizmə) keçməsindən bəhs edir.
Vitse-prezident qeyd edib ki, keçmiş siyasi şüarlarını yenidən nəzərdən keçirməyə və səhvlərini etiraf etməyə onu məhz xristianlıq inancı sövq edib: "Bu, məni xristian bir dövlət xadimi üçün imanın daha bir mühüm dərsinə gətirir – öz səhvlərini etiraf etmək tamamilə normaldır".
Bizim.Media
































































































