Rusiyanın Novqorod vilayətinin Valday rayonundan keçən M-10 magistral yolunda dronlardan (PUA) qorunmaq üçün xüsusi torlar quraşdırılıb.
Bizim.Media xəbər verir ki, "Agentstvo" nəşri yazır ki, bu konstruksiyalar Rusiya Prezidenti Vladimir Putinin iqamətgahından cəmi 10 kilometrdən də az məsafədə, yük avtomobillərinin (fur) parklanma yerlərinin üzərində qurulub.
"Yandex.Xəritə"nin panoramalarında və "Google Maps"in 2025-ci ilə aid peyk görüntülərində bu qurğular mövcud deyil, yəni onlar əraziyə yeni yerləşdirilib.
Bu növ müdafiə torlarından adətən Ukraynadakı döyüş əməliyyatları zonasında geniş istifadə olunur. Onlar nəqliyyat vasitələrini kiçikölçülü dronlardan və onlardan atılan sursatlardan qorumaq funksiyasını daşıyır.
"Conflict Intelligence Team" tədqiqat qrupunun rəhbəri Ruslan Leviyevin versiyasına görə, sözügedən torlar "Hörümçək toru" (Pautina) əməliyyatından sonra quraşdırıla bilər. Məqsəd iqamətgahın yaxınlığında dayanan yük maşınlarının (furların) içindən pilotsuz uçuş aparatlarının gizli şəkildə havaya buraxılmasının qarşısını almaqdır.

Bizim.Media




































































































