İranla yaşanan hərbi münaqişə fonunda ABŞ-ın xam neft və neft məhsullarının ümumi ehtiyatları 2004-cü ildən bəri ən minimum həddə geriləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti rəsmi statistika sənədlərinə istinadən məlumat yayıb.
Dərc olunan hesablata əsasən, 29 mayda başa çatan həftə ərzində ABŞ-ın strateji və kommersiya neft ehtiyatları 10.6 milyon barrel azalaraq 1.57 milyard barrelə düşüb. Bu, son 22 ilin ən aşağı göstəricisidir.
Bunun əksinə olaraq, Amerika neftinin ixracı kəskin şəkildə artaraq sutkada 4.4 milyon barreldən 5.8 milyon barrelə yüksəlib. Bunun əsas səbəbi Hörmüz boğazının blokadası nəticəsində Yaxın Şərq neftindən məhrum olan Asiya və Avropa alıcılarının kütləvi şəkildə ABŞ bazarına yönəlməsidir.
Ağ Evin sabiq müşaviri Bob Maknalli xəbərdarlıq edib ki, əgər Hörmüz boğazı yaxın vaxtlarda açılmazsa, neftin bir barrelinin qiyməti bu yay artıq 200 dollara qədər yüksələ bilər. Bu isə öz növbəsində bütün dünya iqtisadiyyatı üçün ciddi tənəzzül riskləri yaradır.

Bizim.Media





































































































