Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların irəliləməsinə 17 ay ərzində tətbiq etdiyi vetonu aradan qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Financal Times” nəşri məlumat yayıb.
Məlumata görə, Peter Madyar hökuməti Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə rəsmi danışıqların başlanmasına razılıq verəcəyini bildirib.
Qeyd olunur ki, Macarıstanın mövqeyindəki kəskin dəyişiklik ötən gün Brüsseldə Aİ səfirlərinin görüşünün nəticəsində baş verib. Bu qərar iyunun 15-dək üzvlük danışıqlarının ilk mərhələsinin rəsmi açılışına hazırlıq məqsədilə texniki prosedurların sürətləndirilməsinə səbəb olub.
Danışıqlarda iştirak edən avropalı diplomatların sözlərinə görə, prosesin uzun müddət davam etməsi gözlənilsə də, hadisələr son anda sürətlə inkişaf etməyə başlayıb.
Peter Madyarın qəbul etdiyi yeni qərar isə Ukrayna və Moldovanın iyunun 15-də üzvlük danışıqlarına başlamasına imkan yaradır.
Madyar bildirib ki, Budapeşt Kiyevin Aİ-yə inteqrasiya prosesini Ukraynada yaşayan macar azlığının dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsini nəzərdə tutan hərtərəfli razılaşma müqabilində dəstəkləyəcək.
Onun sözlərinə görə, bu razılaşma Kiyev, Budapeşt və Brüssel arasında aparılan intensiv danışıqların nəticəsidir.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Avropa Komissiyası Ukrayna və Moldovanın milli qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması ilə bağlı rəsmi danışıqlara başlanmasını tövsiyə etmişdi. Lakin həmin vaxt Macarıstanın baş naziri Viktor Orban bu addımı bloklamışdı.
Bizim.Media





































































































