Ötən həftə İranın Küveytdəki aviabazaya endirdiyi raket zərbəsi nəticəsində dörd ABŞ hərbçisi və üç mülki əməkdaş yüngül xəsarətlər alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar artıq öz xidməti vəzifələrinin icrasına geri qayıdıblar.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, ötən cümə axşamı İran Küveyt istiqamətinə ballistik raket buraxıb. Hədəf Pentaqonun istifadə etdiyi "Əli Əl-Salem" aviabazası olub. Raket Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bəyanat yayaraq, ABŞ-ın Bəndər-Abbas bölgəsindəki hərəkətlərinə cavab olaraq Amerikanın aviabazasına zərbə endirdiyini təsdiqləyib.
CENTCOM rəsmiləri bildiriblər ki, ABŞ hərbçiləri cümə axşamına keçən gecə İrana məxsus dörd kamikadze dronunu vurublar. Eyni zamanda, beşinci dronun buraxılışına hazırlıq görülən Bəndər-Abbasdakı yerüstü idarəetmə stansiyasına zərbə endirilib.
Komandanlıq bu addımların tamamilə müdafiə xarakteri daşıdığını vurğulayıb. Qeyd olunub ki, sözügedən PUA-lar Oman körfəzindəki ABŞ gəmiləri üçün birbaşa real təhlükə yaradırdı.
Bizim.Media





































































































