Son zamanlar Rusiyanın Moldovaya qarşı qarşı aqressiv ritorikası daha da sərtləşib.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moldovanı Dnestryanıda Rusiya vətəndaşlarına qarşı hər hansı bir "təcavüzə" cavab verəcəyi ilə hədələyib.
O, brifinqdə bildirib ki, “Dnestryanıda yaşayan həmvətənlərimizə qarşı hər hansı bir təcavüzə dərhal və adekvat cavab veriləcək".
O, həmçinin Moskvanın bölgə sakinlərinin təhlükəsizliyini təmin etmək üçün "bütün zəruri vasitələrdən" istifadə etməyə hazır olduğunu qeyd etməyi də unutmayıb.
Qeyd edək ki, bu təhdidlər Rusiya Prezidenti Vladimir Putinin Dnestryanı sakinlərinə sadələşdirilmiş prosedur vasitəsilə Rusiya pasportları almağa icazə verən 15 may tarixli fərmanından yaranıb.
Moldova Prezidenti Maya Sandu cavab olaraq iddia edib ki, Kreml tanınmamış respublikanın əhalisini Ukraynaya qarşı müharibədə iştirak etmək üçün gizli şəkildə səfərbər etməyə çalışır və həmçinin Dnestryanını yenidən birləşdirmək planları ilə bağlı Kişinyova təzyiq göstərir.
Görünən odur ki, Rusiya rəsmi şəkildə Moldovaya müharibə xəbərdarlığı edərək, Kişinyovun Dnestryanıya müdaxiləsinə sərt cavab veriləcəyilə hədələyir.
Rusiya buna gedəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Rusiyada müəyyən qüvvələr Moldovanın sərt cəzalandırılmasında maraqlıdır:
“Yeni dövrün özünəməxsus tələbləri var. Artıq dünya səhnəsində yeni trendlər yer alır. Qarşıdurmanı əvəzləyəcək bir format varsa, o da əlaqələrin genişlənməsi, qarşılıqlı maraqların təmin edilməsidir. Köhnə arxaik modeldə münaqişəli vəziyyətin elementləri dövriyyəyə buraxılıb, proses onlarla idarə edilirdi. Amma bu artıq tələblərə cavab verən yanaşma deyil. Onlar Azərbaycan təcrübəsindən istifadə etmək istəyirlərsə, güc toplayıb prosesləri düzgün məcrada təmin etməlidirlər”.
Ekspertin sözlərinə görə, Dnestryanı bölgə ilə bağlı kompromislər, ümumi nöqtələrin tapılması üçün hələ də şərait var:
“Hətta iki tərəf arasında gediş-gəliş də var. Hətta Tiraspolun futbol klubu Moldova birinciliyində çıxış edir. Bunlar isə ondan xəbər verir ki, insanlar, ictimai qüvvələr arasında təmaslar mövcuddur. Tələb olunan sadəcə rəsmi diplomatiyanın problemlərə sağlam mövqedən yanaşması və onun çözümünə nail olmasıdır. Təxribatlardan istifadə edən qüvvə isə çalışır qan tökülsün.
Rəsmi Moskva artıq Moldovaya xəbərdarlıq edibsə, Rusiyada bəzi qüvvələr çalışacaqlar ki, məsələ kritik tərzdə həll edilsin. Bunun olmaması üçün də Moldova diplomatiyası önləyici tədbirlərə əl atmalı, çalışmalıdır ki, problem daha da kəskinləşməsin. Buna imkanlar var”.
Qeyd edək ki,. Dnestryanı müharibəsi 1992-ci ildə Moldova ilə ölkənin şərqində yerləşən separatçı Dnestryanı bölgəsi arasında baş verib. SSRİ-nin dağılmasından sonra bölgədə yaşayan rusdilli əhali Moldovadan ayrılaraq “Pridnestroviya Moldav Respublikası” adlı tanınmamış qurum yaratdığını elan etmişdi. Silahlı qarşıdurma zamanı Rusiya ordusunun 14-cü Ordusu separatçılara dəstək verdi. Müharibə atəşkəslə başa çatsa da, Dnestryanı bu günə qədər Moldovanın nəzarətindən kənarda qalır və bölgəyə Rusiya hərbçiləri nəzarət edir.
Rüfət Sultan, Bizim.Media





































































































