Ukrayna Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermakın kadr təyinatları ilə bağlı “Veronika Fenşuy Ofis” adlı hesabla yazışdığı iddia olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Hromadske prokurorluğun açıqlamasında qeyd olunub.
Məhkəmə iclası zamanı prokurorlar Yermakın yazışmalarından birində falçı olduğu iddia edilən bu şəxsin adının keçdiyini bildiriblər. İddialara görə, sabiq məmur dövlət vəzifələrinə təyinatlarla bağlı həmin şəxslə məsləhətləşib.
Yermak ən azı 2020-ci ildən etibarən mühüm vəzifələrə təyin olunacaq şəxslərlə bağlı “Veronika Fenşuy Ofis”lə əlaqə saxlayıb. Bildirilir ki, Ukraynanın baş naziri, səhiyyə naziri, baş prokuroru və Prezident Administrasiyası rəhbərinin müavini vəzifələrinə namizədlər falçı ilə müzakirə olunub. Namizədlərin adları isə açıqlanmayıb.
Ukrayna Prokurorluğu hesab edir ki, Yermak hələ də siyasi təsir imkanlarını saxlayır və şahidlərlə əlaqə qurmaq imkanına malikdir.
Xatırladaq ki, mayın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) Yermakı Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı 460 milyon qrivna (təxminən 10,5 milyon dollar) vəsaitin mənimsənilməsində ittiham edib. Sabiq məmur isə ittihamları rədd edir.
Bizim.Media


































































































