Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

Hazırda oxunan: Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

612686

“Trump Mobile” layihəsi 2025-ci ilin yayında Donald Tramp Jr. və Erik Tramp tərəfindən “Apple” və “Samsung”a “patriotik alternativ” kimi təqdim olunsa da, indiyədək bazara heç bir cihaz çıxarmayıb.

Bizim.Media “International Business Times” nəşrinə istinadla xəbər verir ki, təxminən 590 min nəfər qiyməti 499 dollar olan smartfon üçün əvvəlcədən 100 dollar depozit ödəyib.

Beləliklə, layihə təxminən 59 milyon dollar vəsait toplayıb. Lakin şirkətin nə bu pulları geri qaytaracağı, nə də vəd edilən smartfonu istehsal edəcəyi ilə bağlı zəmanət verdiyi bildirilir.
 

İlk mərhələdə cihazın sifarişçilərə çatdırılmasının 2025-ci ilin yayında başlanacağı açıqlansa da, tarixlər dəfələrlə dəyişdirilib. Əvvəlcə təqdimat noyabr və dekabr aylarına, daha sonra isə 2026-cı ilin birinci rübünə təxirə salınıb. 2026-cı ilin aprelində isə “Trump Mobile” saytından buraxılış tarixi ilə bağlı bütün məlumatlar silinib.


İstifadəçilərin ən ciddi narazılığı 2026-cı il aprelin 6-da yenilənən istifadəçi razılaşmasından sonra yaranıb. Sənəddə qeyd olunub ki, depozit ödənişi “tam alış hesab edilmir və hüquqi baxımdan məcburi müqavilə yaratmır”.

Şirkət həmçinin cihazı ümumiyyətlə istehsal etməmək hüququnu özündə saxlayıb. Bununla yanaşı, alıcıların depozit məbləğindən artıq kompensasiya tələb etmək imkanından faktiki imtina etdiyi vurğulanıb.
 

Layihə başlanğıcda smartfonun ABŞ-də istehsal olunacağı şüarı ilə reklam edilsə də, sonradan saytdakı ifadələr dəyişdirilib. 2026-cı ilin fevralında şirkət nümayəndələri əsas istehsalın xaricdə həyata keçiriləcəyini, Mayamidə isə yalnız bəzi komponentlərin yekun yığımının aparılacağını təsdiqləyiblər.


Jurnalistlər və öncədən sifariş verən istifadəçilər ödəniş problemləri, çatdırılma təsdiqlərinin olmaması və vəsaitin təkrar silinməsi halları barədə də məlumat veriblər. “Android Authority” nəşri isə nə smartfonu, nə də ödədiyi depoziti geri alacağına ümid etmədiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin