"The Wall Street Journal" (WSJ) nəşrinin yaydığı sensasiyalı məlumata görə, Hörmüz boğazının qeyri-müəyyən müddətə bağlanması və Yaxın Şərqdəki müharibə alovu qlobal enerji nəhənglərini hərəkətə keçirib.
Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, "Exxon Mobil", "Chevron" və digər transmilli şirkətlər artıq Yaxın Şərqdən uzaq, təhlükəsiz bölgələrdə–Afrika və Cənubi Amerikada yeni neft yataqlarının axtarışını sürətləndiriblər.
Məlumata görə, "Chevron" artıq Venesuelada mövcudluğunu genişləndirərək əlavə neft yataqlarının işlənməsi üçün aktiv danışıqlar aparır.
Eyni zamanda "Exxon Mobil" və BP Namibiya sahillərində aşkar edilmiş nəhəng yataqların qazılması üçün milyardlarla dollar vəsait ayırıblar. Şirkətlər bu bölgələri Yaxın Şərqin hərbi risklərindən uzaq "təhlükəsiz liman" hesab edirlər.
WSJ yazır ki, iri şirkətlərdən biri (məlumatlara görə "TotalEnergies") Türkiyə ilə dənizdə kəşfiyyat və qazma işləri aparmaq üçün rəsmi saziş imzalayıb. Bu, Türkiyənin enerji habı kimi strateji əhəmiyyətini daha da artırır.
"Wood Mackenzie" analitiklərinin hesablamalarına görə, Hörmüzün bağlanması səbəbindən neftin qiymətinin yüksək qalması bu yeni yataqlardan əldə olunacaq mənfəəti rekord həddə — 120 milyard dollara çatdıra bilər. Şirkətlər Yaxın Şərqdəki itkilərini bu "bakirə" yataqlar hesabına kompensasiya etməyi planlaşdırırlar.
"Exxon Mobil" rəhbərliyi Nigeriyanın dərin dəniz yataqlarına 24 milyard dollar investisiya qoymaq planını açıqlayıb. Bu, şirkətin son onillikdə Afrika qitəsinə qoyduğu ən böyük sərmayə olacaq.
Bizim.Media





































































































