Gömrük İttifaqına üzv olmağa
razılıq verdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT)
çərçivəsində də hava sərhədlərini Rusiyanın ixtiyarına verən Ermənistan
rəhbərliyi özünü arxayın hiss etməyə başlayıb. Rusiyadan bir az üzünü sivil
Avropaya yönəltmək istəyəndən sonra sərt cəzalandırılan Serj Sərkisyan çox
fikirləşmədən sentyabrın 3-də Moskvaya səfərində Kreml sahibi qarşısında dizini
yerə qoydu.
Bir neçə ay əvvəl KTMT-nin Bişkek toplantısını
boykot etməyə cəsarət tapmış erməni rəhbəri, qurumun sentyabrın 23-də Soçidə
keçirilən sessiyasına hamıdan əvvəl özünü yetirdi. KTMT-nin üzv dövlətlərinin
hava hücumundan birgə müdafiə sistemi qurmaq qərarından ruhlanan Ermənistan
prezidenti Serj Sərkisyan AŞ PA-nın payız sessiyasında Azərbaycana yönəlik
hədələri dilə gətirdi.
Əhalisinin yarısının işsizlik
səbəbindən ölkədən qaçdığı, qalanlarının isə birtəhər dolandığı Ermənistan
prezidentinə Azərbaycanı yeni torpaq işğalı ilə hədələməsi cəsarəti verən gücün
kimliyi aydındır. Rusiya əlini Ermənistanın arxasından çəksə, Serj Sərkisyan
Avropanın mərkəzində bu cür həyasız bəyanat verməyə cürət etməzdi. (Təəssüf ki,
AŞ PA-da özünü sivil Avropanın bir küncü hesab edən Ermənistan rəhbərinin bu
çıxışına qiymət verilmədi). Yeri gəlmişkən, Azərbaycan prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov oktyabrın 7-də
S. Sərkisyanın AŞ PA-dakı çıxışını “həyasızlıq” kimi qiymətləndirib (APA). O
bildirib ki, Ermənistanın bir tərəfdən Gömrük İttifaqına üzv olub, digər
tərəfdən Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasının tərəfdarı
olduğunu bəyan etməsi, avropalıları isə borclu çıxarması həyasızlığın
zirvəsidir: “Təsəvvür edin, bir neçə il ərzində Avropa Birliyi ilə müqavilə
hazırlanır, maliyyə xərclənir ki, Ermənistanın sərhədlərində gömrük məntəqələri
tikilsin. Nəticədə isə avropalıların pulu ilə tikilən gömrük məntəqələrindən
Gömrük İttifaqı istifadə edəcək. Bütün bunlar onu göstərir ki, Ermənistan
proqnozlaşdırılmayan bir dövlətdir, onun xarici siyasəti kimi”.
Maraqlıdır ki, Rusiya ilə izdivacını
daha da möhkəmlədən Ermənistan son günlər nəzərəçarpacaq dərəcədə arxayınlaşıb.
Bunun səbəbləri sırasında əlbəttə ki,
Ermənistanın Rusiya ilə yeni əməkdaşlıq perspektivləri də var. Məsələn, KTMT
Analitik Assosiasiyasının koordinatoru İqor Panarin Ermənistanın KTMT-nin
çətiri altında indi özünü daha rahat hiss etdiyini deyib. “Ermənistan Gömrük
İttifaqına daxil olmaq niyyətini açıqlayıb. Bu o deməkdir ki, İrəvanın Avrasiya
Birliyinə də yolu açılıb. KTMT həm üzvü olan Ermənistanın, həm də ümumilikdə
Avrasiya Birliyi ölkələrinin təhlükəsizliyini qoruyacaq” deyə, o bildirib. İqor
Panarin Azərbaycanla Ermənistan arasında müharibə olacağı təqdirdə KTMT-nin
tutacağı mövqe haqqında da danışıb. Onun sözlərinə görə, KTMT ölkələrinə hərbi
təcavüz olunacağı zaman çıxış yolu təkcə təşkilatın müharibəyə qoşulması demək
deyil: “KTMT təkcə hərbi təşkilat deyil. Ermənistan-Azərbaycan müharibəsi
başlayacağı təqdirdə, KTMT beynəlxalq hüquq normaları çərçivəsində hərəkət
edəcək”.
Xəzər Əməkdaşlıq İnstitutunun
direktoru, politoloq Sergey Mixeev isə bildirib ki, Dağlıq Qarabağ Ermənistan
ərazisi deyil: “Ona görə də KTMT-nin Dağlıq Qarabağda müharibə başlayacağı
təqdirdə bu müharibə qoşulması mümkün olmayacaq”.
Onun sözlərinə görə, KTMT yalnız
təşkilata üzv ölkələrin təhlükəsizliyini qorumağa cavabdehdir: “Dağlıq Qarabağ
Ermənistan ərazisi olmadığından KTMT-nin bu müharibəyə qoşulması mümkün deyil. Lakin
Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı təhlükə baş verərsə, o zaman
KTMT nizamnaməsinə uyğun olaraq hərəkət edəcək”.
Azərbaycan politoloqları da o
fikirdədirlər ki, Ermənistanın daha da həyasızlaşmasına səbəb KTMT-yə
arxalanmasıdır. Politoloqların iddiasına görə, hərbi əməliyyatlar başlayarsa,
bu müqaviləyə daxil olan türk dövlətləri heç bir zaman təcavüzkar Ermənistanı
müdafiə etməyəcəklər. Qeyd edək ki, KTMT-nin sentyabrın 23-də Soçidə keçirilən
toplantısında Sərkisyan KTMT-dəki bəzi dövlətlərin Azərbaycana dost
münasibətindən gileylənmişdi.
Oktyabrın 7-də Rusiya Dumasının sədri
Sergey Narışkin də KTMT haqda danışıb. Düşənbədə Rusiya-Tacikistan
Universitetindəki çıxışında Narışkin KTMT haqqında danışarkən deyib ki, qurum
əhatə etdiyi regionda təhlükəsizliyi qorumaq gücündədir. Parlament spikeri
bildirib ki, KMTM-yə üzv ölkələrə təhlükə yaranacağı təqdirdə Rusiya öz
ordusunun köməyini təklif edə bilər. Narışkin Tacikistandakı 201-ci rus hərbi
bazasının adını çəkib. Aydındır ki, spiker bununla həm də Ermənistandakı hərbi
bazanı da nəzərdə tutub.
































































































