Azərbaycan dövlətinin xəbərdarlıqlarına, Xarici İşlər Nazirliyinin elan elədiyi “qara siyahı”ya rəğmən Dağlıq Qarabağa qanunsuz səfərlər davam edir. Əfsuslar olsun ki, belə ziyarətçilər arasında vaxtaşırı Rusiyanın rəsmi qurumlarının təmsilçiləri də olur.
musavat.com-un erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, çağırılmamış qonaqlardan biri də Rusiya İctimai Şurasının üzvü Denis Dvornikovdur. Hazırda Xankəndidə olan Dvornikov bura gəlməmişdən iki gün öncə görün nə deyib. Sitat: “Biz Ermənistanı müdafiə eləməli və Dağlıq Qarabağın müstəqilliyini tanımalıyıq. Bu ölkələrlə (xristian Ermənistan, Gürcüstan və Moldova) “böyük qardaş” oyununa son qoyulmalıdır. Onlara ənənəvi gündəm təqdim edib xristian dəyərlərini müdafiə eləməliyik”.
Maraqlıdır ki, Dvornikovla birgə Rusiya kəşfiyyatının keçmiş agenti, hazırda teleaparıcılıq edən Anna Çapman da Qarabağa təşrif buyurub.




































































































