Moderator.az xəbər verir ki, Niderlandda mühacirətdə yaşayan beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis Ataxan Əbilov ictimai nəzarət funksiyası daşıyan bir ilginc məqama toxunub:
"Son vaxtlara qədər gözdən-qulaqdan iraq olan kəndimizin sükütlü yollarında indi deyilənlərə görə hər gün günortadan gecə saat 3-ə qədər hansı marka maşına desən rast gəlmək mümkündür. Amma məsələ burasındadır ki, gəlib-gedənlərin kəndimizə heç bir aidiyyəti yoxdur. Bura Azərbaycanın hər yerindən təşrif buyuranlar daha çox məmləkətimizin qudurgan kastasını təmsil edənlərdir. Onlar kəndimizin yuxarı hissəsində, Talış dağlarının ən səfalı yerlərindən birində bərqərar olan "Qamo" istirahət mərkəzinə tələsir. İlk baxışdan müasir tələblərə cavab verən və hər cür şəraiti olan bir istirahət mərkəzinin mövcüdluğu ancaq müsbət emossiyalar doğurmalıdır. Amma baş verənlər bunun kənd camaatımız üçün bir mənəviyyat probleminə çevrilməsini üzə çıxarıb.
Hələ onu demirəm ki, bu məkanın tikintisi iri tonnajlı maşınların gediş-gəlişi hesabına baş verib və bunun nəticəsində kəndimizin qəpik-qəpik pul yığıb düzəltdiyimiz yolu tamamilə dağılmışdır. Tikintidən sonra isə bu yolun təmiri və bərpası hələ ki, heç kəsin yadına düşmür. Aldığım məlumatlara görə bütün bu həngamənin başında Masallı rayon səhiyyə idarəsinin müdiri kəndimizin özünü "ziyalı" kimi hər yerə dürtən sakini Cəlil Nəzərov durur. Bəri başdan deyim ki, Cəlil kişi qeyri-adi qabiliyyətə malikdir. Təsəvvür edin, o, indiyə kimi az qala 10-a qədər Masallı rayonuna göndərilən "yerli padşahlar"la işləyib. Bu kişi hansı istedada malikdirsə, bütün bu yerli padşahlarla dil tapmağı bacarıb. Hər dəfə yeni maskada zuhur edə bilib. Siz hələ onun yuxarılar qarşısında necə təzim etdiyini görəsiniz. Hətta səhnədə çox artistin həsəd apardığı rolunu o həyatda mahir ustalıqla oynaya bilir. Əlbəttə ki, burda bu müqayisə yersizdir. Çünki səhnədə artistlik bir başqa şeydir, həyatda başqa. Belə qusurlu müqayisəyə görə səhnə artistlərimizin bizi əfv etməsi ümidiylə Cəlil kişinin bundan da mahir obrazına keçirəm. Şahidlər deyirlər ki, Cəlil kişi 1993-cü ildə Lənkəranda Əlikram Hümmətovun yanına düşmək üçün dəridən-qabıqdan çıxırmış və öz namizədini hələ o vaxtlar Masallı rayon səhiyyə şöbəsinə müdir təyin etdirmək iddiasında olmuşdur. Düzü onun bu məqsədini nə dərəcədə reallaşdırması mənə məlum deyil. Amma mənə o məlumdur ki, indi Cəlil kişi "Hümmətovu söymək" maskasını taxıb, hətta bundan onun (yəni Cəlil kişinin) əməllərinə göz yummaq istəməyənlərə qarşı, məsələn 1993-cü ildə orta məktəb partası arxasında oturanlara qarşı belə yararlanmaq iddiasına düşərək, insanları şantaj etməkdən çəkinmir. İnsafən demək lazımdır ki, hər kişinin bacarmadığı işi Cəlil bacara bilib.
Cəlil kişi hazırda özünün tam məsuliyyətsizliyinin təntənəsini yaşayır. Onun Masallı rayon səhiyyə sistemini özünün şəxsi təsərrufatına çevirməsilə işimiz yoxdur. Heç formalaşdırdığı rüşvət şəbəkəsinə görə də ona "gözün üstə qaşın var demək" düzgün olmaz. Zatən ölkə bu səviyyədədir. Rayon səviyyəli bir məmurun bu sistemin bir "qayka"sı olmasını anlaqlı qəbul edərək, "it aparan olsun deməklə" məsələni bitmiş hesab etmək olar. Amma iş burasındadır ki, Cəlil kişinin əməlləri bunlarla bitmir. Bu gün o, artıq kənd camatımızın mənəviyyatla bağlı olan problemlərinin arxasından çıxır. Hər gün kənd camatından çoxlu siqnallar alıram. "Qamo" istirahət evi və onun ətrafında baş verənlər çoxlarını zinhara gətirib. Cəlil kişinin qılıncının sağı da, solu da kəsdiyi bir vaxtda kimsənin onun əməllərini açıq deyə bilməməsi də aydın başa düşüləndir.
Zatən etiraf edim ki, mən rayon coğrafiyasında bir məmurun səviyyəsinə düşməyi özümə qəbahət bilirəm. Dostların, qohum-əqrabaların tənəsi bir yana, əksəriyyətimizin regionçuluq düşüncəsiylə yaşadığı bir vaxtda çoxlarının bunu düzgün anlamayacağını da başa düşürəm. Amma bu personanın əlindən əlacsız qalan camaatımızın qurtuluşu, bütövlükdə cəmiyyətimizdə mənəviyyat problemi digər faktorlardan mənim üçün bir mənalı olaraq daha önəmlidir.
Burda növbəti müqayisəmi aparmaq istəyirəm. Kəndimizdə başqa bir kişinin təşəbbüsülə də bir bina tikilib. Bu iş adamı və hələ də özünə ziyalı deməyə cəsarət etməyən Mübariz Məsimovun müasir üslübda tikdirdiyi məktəbdir. Bir tərəfdə özünə ziyalı deməyə cəsarət etməyən, iş adamının kənddə məktəb tikintisi, digər tərəfdə özünü yeri gəldi-gəlmədi hər yerə "ziyalı" kimi dürtənin birisinin kənddə əxlaqsız yuvası tikməsi. İş admının hərəkəti nə qədər təqdir olunandırsa, özünə "ziyalı" deyənin "irin" verən işləri hər cür nifrətə layiqdir.
Özünü "ziyalı" adlandıran birisinin müqəddəs yerlərdə əxlaqsız yuvalar tikməsi və saxlaması fəlakətdir. Xalqımızın, məmləkətimizin, zəmanəmizin fəlakəti. Ələxsus ki, belə fəlakət avtoritar bir cəmiyyətdə baş verəndə, və bundan dolayı bütün əzəli adət- ənənələrimiz ayaqlar altına atılanda...
Kəndimizin camaatı onlar üçün göz dağına çevrilən "Qamo"nun fəaliyyətinin dərhal dayandırılması, kəndin cəfakeş oğullarının hesabına abıra salınan yolun bərpasını tələb edir. Bununla bağlı olaraq xatırladıram ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-cü maddəsinə görə "Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə", 266-cı maddəyə görə isə "dağıtmaq, zədələmək və ya başqa üsulla yolların yararsız vəziyyətə salınması külli miqdarda ziyan vurulmasına səbəb olması" cinayətdir və Cinayət Qanunun müvafiq maddələrilə təqib edilməlidir.
P,S. Söz vaxtına çəkər deyiblər. Keçən ilin yay günlərində Cəlil ağanın insanlara hər cür xidmət göstərən malikanəsinə az yaşlı uşaqla bir qadın iki erkəyin müşayətilə təşrif buyurur. Hücrələrin birində fəaliyyətində bulunan qadın uşağı nəzarətsiz buraxır, uşaq boğularaq ölür. (Bu hadisə ilə əlavə məlumatla bu linkdən tanış ola bilərsiniz: //wsemir.com/”¦/21484-qamo-istirahet-merkezi-fealiyyeti”¦) Ümid edək ki, növbəti belə faciə baş verənə qədər Cəlil ağa konstruktivlik nümayiş etdirərək, qoyulan tələblərin yerinə yetirməsinə cəhd edəcək. Biz isə müxtəlif vasitələrlə məsələ həllini tapana qədər onu gündəmdə saxlamaqda israrlıyıq."




































































































