Gömrük orqanlarında vəzifəli şəxslərin rotasiyası ilə bağlı yeni hüquqi mexanizm yaradılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Təklif olunan dəyişikliklərə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinin əsasları genişləndirilərək sistemləşdirilir.
Belə ki, vəzifəli şəxslərin yuxarı vəzifəyə, ailə vəziyyətinə, səhhətinə, yaş həddinə və rotasiya qaydasında başqa vəzifəyə keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisələrinə qəbul olunaraq təhsillərini başa vuran şəxslərin başqa vəzifəyə təyin edilməsi də ayrıca əsas kimi müəyyənləşdirilir.
Layihəyə əsasən, ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilmə mümkün olmadıqda, attestasiyanın nəticələrinə görə vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə, eləcə də intizam tənbehi qaydasında vəzifəli şəxslərin aşağı vəzifəyə keçirilməsi mümkün olacaq.
Dəyişikliklərdə vəzifəli şəxslərin başqa işə keçirilməsində razılıq məsələsi də tənzimlənir. Belə ki, yuxarı vəzifəyə və ailə vəziyyətinə görə başqa işə keçirilmə şəxsin razılığı əsasında həyata keçiriləcək.
Qanun layihəsi ilə Əsasnaməyə yeni 53-1-ci maddənin əlavə edilməsi də təklif olunur. Həmin maddəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd olunur ki, rotasiya mexanizminin tətbiqi gömrük orqanlarının müxtəlif struktur və ərazi bölmələri arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, əməkdaşların peşəkar səriştələrinin inkişafına, idarəetmə standartlarının vahidləşdirilməsinə və kadr potensialından daha səmərəli istifadəyə xidmət edəcək.
Layihənin hazırlanması dövlət qulluğunun inkişafı ilə bağlı strateji sənədlərdə müəyyən edilmiş hədəflərlə də əlaqələndirilir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının potensialından səmərəli istifadə və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə rotasiyanın tətbiqi mühüm istiqamətlərdən biri kimi müəyyən edilib.
Qanun layihəsinin qəbulu gömrük xidmətində kadr idarəçiliyinin təkmilləşdirilməsinə, xidməti intizamın gücləndirilməsinə, institusional çevikliyin artırılmasına və korrupsiya risklərinin qabaqlanmasına hüquqi zəmin yaradacaq.
Günay Şahmar, Bizim.Media































































































