“Forbes”in 400 ən varlı amerikalıdan ibarət reytinqinə daxil olan şəxslərin ümumi sərvəti rekord həddə — 8 trilyon dollara çatıb. Bu, ötən illə müqayisədə 1,4 trilyon dollar çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Reytinqə düşmək üçün varlı amerikalıların sərvəti artıq ən azı 4,4 milyard dollar olmalıdır. Bu göstərici ötən illə müqayisədə 600 milyon dollar artıb. Lakin 590 amerikalı bu həddə çata bilməyib.
İlk pillədə mövqeyini İlon Mask qoruyub. Onun sərvəti bir il ərzində iki dəfədən çox artaraq 908 milyard dollara çatıb.
Bunun əsas səbəbi onun kosmik biznesinin dəyərinin kəskin yüksəlməsi olub. İyun ayında “SpaceX” tarixdə ən böyük IPO-nu keçirib və bu, şirkətin dəyərinin, eləcə də Maskın şirkətdəki payının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. “Forbes” bir il əvvəl Maskın sərvətini 428 milyard dollar qiymətləndirmişdi.
İkinci yerdə 378 milyard dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos qərarlaşıb. Üçüncü pilləni “Google”un həmtəsisçisi Larri Peyc 278 milyard dollarla tutub. Dördüncü yerdə süni intellekt üçün serverlərə tələbatın artmasından faydalanan “Dell Technologies” şirkətinin rəhbəri Maykl Dell qərarlaşıb. Beşinci pillədə isə 256 milyard dollar sərvətlə “Google”un həmtəsisçisi Sergey Brin yer alıb.
Reytinqdəki 34 yeni iştirakçıdan ondan çoxu süni intellekt sahəsi ilə əlaqəlidir. Siyahıya ilk dəfə daxil olanlar arasında ən zəngin şəxs “OpenAI”nin həmtəsisçisi Qreq Brokmandır. Onun sərvəti 25,5 milyard dollar qiymətləndirilir. Brokman reytinqdə 45-ci pillədə qərarlaşıb.
Siyahıya həmçinin “Anthropic” şirkətinin altı həmtəsisçisi də daxil olub. Onların hər birinin sərvəti 15,5 milyard dollar təşkil edir. Aralarında ölkənin ən zəngin ikinci qadını olan Daniela Amodei də var.
İlk 15-likdə yer alan yeganə qadın “Walmart”ın qurucusu Sem Uoltonun qızı Elis Uoltondur.
Onun sərvəti 118 milyard dollar qiymətləndirilir. Ümumilikdə reytinqdə 62 qadın yer alıb ki, bu da ötənilki göstərici ilə eynidir.
Bizim.Media



































































































