Bu gündən etibarən Bakıda tıxacların qarşısının alınması məqsədilə dövlət qulluğunda işləyənlər üçün dəyişkən iş qrafiki tətbiq olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni qrafiki 2 ay müddətində sınaq məqsədilə təşkil edir. Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək.
Dövlət sektorunda yeni iş qrafiki, özəl sektor necə olacaq?
Nəzəri olaraq çox ümidverici görünür, amma praktiki olaraq tıxacın ən azından müəyyən qədər həll olunmasına təsir edə biləcəkmi? Məsələ burasındadır ki, qrafik ancaq dövlət qurumlarına tətbiq olunursa, özəl sektorda çalışanlar əvvəlki saatlarda işə başlayıb-bitirəcək ki, bu da problemi kökündən həll etməyəcək.
Belə ki özəl sektor, məktəblər, universitetlər və digər müəssisələr eyni saatlarda fəaliyyət göstərməyə davam edirsə, ümumi hərəkətlilik kifayət qədər yüksək qalır.
Mütəxəssislər deyirlər ki, daha düzgün yanaşma yalnız dövlət qurumlarının iş saatlarını dəyişmək yox, şəhərin ümumi hərəkət qrafikini nəzərə almaqdır. Bunun üçün dövlət qurumları ilə yanaşı, iri özəl şirkətlər, məktəblər və universitetlər üçün də könüllü və ya mərhələli çevik iş saatları təşviq edilə bilər.
Məsələn bir çox iri şəhərlərdə məqsəd sadəcə dövlət işçilərinin saatlarını dəyişmək yox, bütün şəhərin pik saatlarını “yaymaq”dır.
Nəqliyyat eksperti Ayaz Əhmədovun sözlərinə görə, xüsusən də pandemiyadaan sonra insan sıxlığını azaltmaq üçün müxtəlif variantlar düşünüldü:
“Təkcə Azərbaycanda deyil, dünyanın əksər iri şəhərlərində sənayeləşmə, böyük iş yerlərinin, həyat tərzinin cəlbediciliyi insanları paytaxtlara çəkir. Bakı da bunlardan biri: iş, əyləncə, sadəcə maraq üçün də Bakıya axınla gələnlər var: Bu qədər insanı və az qala insan sayı qədər maşınları iri şəhərlərdə tənzimləmək üçün fərqli, yaxud online rejim tətbiqləri mütləqdir. Evdən işləyə bilən adam niyə günlük plan doldurmaq üçün yaşadığı yerdən kilometlərcə uzaq ofisə gəlsin?! Tək bir neçə quruma yox, bütün iş və təhsil yerlərinə bu qrafik tətbiq edilməlidir ki, effekt versin”.
Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 16.09.2026
Köhnə Bakının yeni pik saatları – İş vaxtlarının dəyişməsi paytaxtı tıxacdan xilas edəcək?
Hazırda oxunan: Köhnə Bakının yeni pik saatları – İş vaxtlarının dəyişməsi paytaxtı tıxacdan xilas edəcək?
Hazırda oxunan: Köhnə Bakının yeni pik saatları – İş vaxtlarının dəyişməsi paytaxtı tıxacdan xilas edəcək?
636807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































