Valideynlərin məktəbə girişi MƏHDUDLAŞDIRILACAQ? – Yeni qadağa GÜNDƏMDƏ

Hazırda oxunan: Valideynlərin məktəbə girişi MƏHDUDLAŞDIRILACAQ? – Yeni qadağa GÜNDƏMDƏ

636765

Məktəb ilk növbədə təhsil müəssisəsi olsa da günün böyük hissəsini illər boyunca burada keçirən uşaqlar üçün həm də təhlükəsiz məkan olmalıdır. Həmçinin sırf şagird və müəllimlərin bir arada olduğu, gərək olmadıqca valideyn müdaxiləsinə məruz qalmayan təlim və tərbiyə sisteminə uyğun olmalıdır. Amma bu gün bəzi məktəblərimizdə, xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı siniflərdə valideynlərin məktəbə girişi ilə bağlı ciddi problemlər yaranır. Elə hallar var ki, valideyn övladını məktəbə ötürməklə kifayətlənmir, sinfə daxil olur, hələ ilk gün dərs zamanı uşağının yanında oturur, digər valideynlər isə istədikləri vaxt məktəbə gələrək müəllimlə və ya övladı ilə görüşə bilirlər.

Bu vəziyyət nə qədər normaldır? Təhsil müəssisələrində giriş-çıxışın daha ciddi nəzarətdə saxlanılması vacib deyilmi?

Məsələn, qonşu Türkiyənin təcrübəsinə baxdıqda yanaşmanın fərqli olduğunu görürük: xüsusən də ötən il ard-arda orta məktəblərdə baş vermiş basqın və cinayət hadisəsindən sonra məktəbə giriş-çıxışa nəzarət gücləndirildi. 2026-cı il tədris ilindən valideynlərin məktəbə gəlişi əvvəlcədən randevu əsasında təşkil ediləcək.  Bu, valideynlə məktəb arasındakı əlaqəni məhdudlaşdırmaq deyil, əksinə, həm müəllimin işinə, həm dərs prosesinə, həm də şagirdlərin təhlükəsizliyinə hörmət etməkdir.

Bəs Azərbaycanda məktəbə valideyn girişləri hansı qaydalarla tənzimlənir? Valideyn istədiyi vaxt məktəbə və sinfə daxil olaraq övladı ilə görüşə bilərmi?

Azərbaycanda əslində valideyn-məktəb münasibətlərini tənzimləyən rəsmi təlimat mövcuddur. Bu təlimat bütün ümumi təhsil müəssisələrində valideynlərlə ünsiyyət və məktəb daxilində davranış qaydalarını müəyyən edir. 
 

Qaydalara görə, valideyn tədris prosesi və məktəb fəaliyyətinə mane olan davranışlara yol verməməli, məktəb binasına və sinif otaqlarına yalnız məktəb rəhbərliyinin icazəsi ilə daxil olmalı, məktəb heyətinin üzvləri ilə iş saatlarında və ya təyin olunmuş vaxtda əlaqə saxlamalıdır. Həmçinin axşam saatları, istirahət və bayram günlər məktəb heyətinin üzvlərini ciddi səbəb olmadan narahat etməməlidir.

 

Eləcə də məktəb rəhbərliyi öz növbəsində valideynlərin, yaxud himayədarın sinif rəhbərləri və məktəb rəhbərliyi üzvləri ilə söhbətləri üçün gündəlik və ya həftəlik münasib vaxt təyin etməlidir.

Başqa sözlə, valideyn-məktəb əlaqələrinin daha sistemli təşkilinə doğru addımlar atılır, amma hələki nəticəsi yoxdur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin