Bilik Günü ilə əlaqədar Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Tədbirlərdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəblərin müəllim və şagird kollektivləri, valideynlər iştirak edirdilər.
Bizim.Media xəbər verir ki, rayon rəhbərinin iştirakı ilə belə tədbirlərdən biri də 15 sentyabr 2026-cı il tarixdə Stansı Sumqayıt ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Qubadlı şəhər 4 saylı tam orta məktəbi, Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi və Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirildi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov “Bilik Günü” münasibətilə şagirdləri, müəllimləri və valideynləri, xüsusilə də bu il məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik etdi, onlara uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Bu gün də təhsil sahəsi Prezident İlham Əliyevin böyük diqqət və qayğı ilə yanaşdığı sahələrdən biridir. Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.
Qeyd olundu ki, cari ildə rayonun bir sıra təhsil müəssisələri qəbul imtahanlarında yüksək nəticələr göstəriblər. Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbində 9 şagird məzun adını qazanıb, onlardan 6-sı ali məktəblərə sənəd verərək hər biri tələbə adını qazanıb. Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbini bitirən 10 nəfərdən 7-si ali məktəblərə sənəd verib və onların hamısı qəbul olunub. İsmət Qayıbov adına Saray kənd tam orta məktəbində sənəd verən 9 məzunun hər biri, Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbində isə sənəd verən 20 nəfərin hamısı tələbə adını qazanaraq 100 faizli nəticə göstəriblər. Ümumilikdə, cari ildə 808 məzundan 638 nəfəri sənəd verib, onlardan 464 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında iştirak edən məzunlardan 54 nəfəri 500–600 arası, 32 nəfəri isə 600–700 arası bal toplayıb. Bu il rayon üzrə qəbul faizi 73,72 faiz təşkil edib. Rayon üzrə ən yüksək nəticəni Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin məzunu Məhərrəmli Aysu Sakit qızı göstərərək 697,5 bal toplayıb. Həmçinin, bu il qürurverici hallardan biri də rayon məzunlarından 8 nəfərin Qarabağ Universitetinə yüksək bal ilə qəbul olmasıdır.
Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonda məktəblərin şagirdləri tərəfindən şeirlər səsləndirildi, mahnılar ifa olundu və rəqs nömrələri nümayiş olundu. “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlandı.
Əziz məktəblilər, hörmətli müəllimlər və dəyərli valideynlər!
Hər birinizi yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, səbr, tükənməz enerji və dərslərinizdə, eləcə də gələcək fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayırıq.
Qoy bu yeni tədris ili hər bir şagirdimiz üçün yeni zirvələrin fəth olunduğu, parlaq nailiyyətlərlə və unudulmaz sevinclərlə dolu bir il olsun. Gələcəyimiz olan gənclərimizin hər zaman Vətənə ləqayətli, savadlı və vətənpərvər övladlar kimi yetişməsini diləyirik, yolunuz hər zaman açıq və uğurlu olsun!








Bizim.Media



































































































