Özbəkistanda pensiya yaşı ARTIRILIR

Hazırda oxunan: Özbəkistanda pensiya yaşı ARTIRILIR

636837

Özbəkistanda pensiya yaşının mərhələli şəkildə üç il artırılaraq kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa çatdırılması təklif olunur.

Bizim.Media xəbər verir ki, pensiya sisteminin islahatı ilə bağlı layihəni İqtisadiyyat və Maliyyə Nazirliyi sentyabrın 15-də ictimai müzakirəyə çıxarıb.

Layihəyə əsasən, artımın 2028-ci il yanvarın 1-dən başlanması təklif edilir. Pensiya yaşı hər il üç ay artırılacaq və 2039-cu ilə qədər yeni həddə çatdırılacaq.
 

Hazırda Özbəkistanda kişilər 60, qadınlar isə 55 yaşında pensiyaya çıxırlar. Layihənin müəllifləri təklifi orta ömür müddətinin artması və vətəndaşların pensiya sistemində iştirak etdiyi dövrlə pensiya aldığı müddət arasında nisbətin qorunması zərurəti ilə əsaslandırırlar.


Bundan əlavə, 2027-ci ildən ümumi müəyyən edilmiş yaş həddindən bir il əvvəl pensiya təyin edilməsi imkanının ləğvi təklif olunur. Bununla yanaşı, rəsmi olaraq işsiz kimi tanınan şəxslərin iki il daha erkən pensiyaya çıxmaq hüququnun saxlanılması, yeraltı, zərərli və ağır işlərdə çalışanlar üçün isə mövcud güzəştli şərtlərin qorunması nəzərdə tutulur.

Hakimiyyət həmçinin şəxsin pensiya yaşına yaxın olması səbəbindən işdən çıxarılmasını və ya işə qəbul edilməməsini qadağan etməyi təklif edir.

Layihədə digər dəyişikliklər də nəzərdə tutulur. Pensiya təyin edilməsi üçün tələb olunan minimum iş stajının 2034-cü ilə qədər mərhələli şəkildə 7 ildən 15 ilə çatdırılması, pensiyanın hesablanmasında nəzərə alınan əməkhaqqı dövrünün isə 5 ildən 20 ilə qədər artırılması təklif edilir.

Layihənin ictimai müzakirəsi sentyabrın 30-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin