Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrinin seçilməsi ilə bağlı konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, konfransa Əməkdar jurnalist Akif Əli sədrlik edib.
Səsvermədə İttifaqın 206 üzvü iştirak edib. Xalq artisti Şəfiqə Məmmədova səs çoxluğu ilə AKİ-nin sədri seçilib. O, göstərilən etimada görə İttifaq üzvlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Şəfiqə Məmmədova bundan əvvəl İttifaqın sədrliyinə yeganə namizəd kimi irəli sürülmüşdü.
Konfransda çıxış edən Akif Əli Azərbaycan kinosunun böyük və zəngin tarixi inkişaf yolu keçdiyini bildirib. Qeyd edib ki, bu illər ərzində maraqlı filmlər çəkilib, Azərbaycan kinosunun “Qızıl fond”una daxil olan dəyərli ekran əsərləri yaradılıb.
“Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Dövlət tərəfindən kino sahəsinə maliyyə vəsaiti ayrılıb, bu sahə daim diqqət və qayğı ilə əhatə olunub, kinematoqrafçılar fəxri adlarla təltif ediliblər”, – deyə Akif Əli əlavə edib.
Daha sonra konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətin mətnini Əməkdar incəsənət xadimi Cəmil Quliyev səsləndirib. Müraciətdə Azərbaycan kinosuna göstərilən dövlət diqqəti və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat etdikdən sonra sədr vəzifəsinin icrası Şəfiqə Məmmədovaya həvalə olunmuşdu.
Qurumun katibi Əli İsa Cabbarovun da namizədliyi irəli sürülsə də, o, ötən ay namizədliyini geri götürdüyünü və vəzifəsindən ayrılmaq üçün ərizə təqdim etdiyini açıqlamışdı.







Bizim.Media
































































































