15 sentyabr “Bilik Günü” məktəblilərin, tələbələrin, təhsil işçilərinin sevimli bayramı olsa da, qalan işçilər üçün ən arzulanmaz bir gündür, hətta keçilməsi müşkül olan “Sirat körpüsü”dür.
“Bilik Günü”nə sayılı günlər qaldığı bir vaxtda artıq Sumqayıt, Ceyranbatan, Saray, Xırdalan, Masazır və digər Bakıətrafı ərazilərdən gələnlər indidən qaralar bağlayıblar. Çünki məktəb, universitet və kursların tədrisə başlanması ilə artıq şəhərə gələn istiqamətlərdə sonu görünməyən tıxaclar yaranır. Sosial şəbəkələrdə 4-5 km-lik yolu 1 saata gələ bilməyən vətəndaşlar alternativ çıxış yolları axtarırlar, necə etsinlər ki, həmin gün tıxacda yatmasınlar.
Sonu görünməyən yollarda “savaş”
Əvvəla onu diqqətə çatdıraq ki, ən etibarlısı həmin gün Bakıya ekspres avtobusla ya da sürət qatarı ilə gəlməkdir. Dayanacaq və stansiyadan uzaq yaşayanlar ora avtobus, həmçinin şəxsi maşınlarla gələ bilər. Ümumiyyətlə qatar və metro stansiyalarının həndəvərində parklayıb, yolun yarısını ictimai nəqliyyatla davam etmək artıq sərnişinlər arasında çox tanış üsuldur, getdikcə isə ən əlverişlisi kimi görünür.
Mümkün qədərilə daha erkən yola çıxmaq lazımdır. 15 sentyabrda adi iş günündən 30-40 dəqiqə tez yola çıxmaq ağlabatandır. Ələlxüsus da öncədən maraqlanıb son günlər Bakının bəzi yollarında təmirlə əlaqədar bağlanmış və ya məhdudlaşdırılmış yollara görə çətin vəziyyətə düşməməkdir.
Sürücülər nələrə diqqət etməlidir?
Amma məhz öz şəxsi maşını ilə işə gəlmək istəyənlər saatlarla tıxacda qalmamaq üçün alternativ yollardan istifadə edə bilərlər. Nəzərə alsaq ki, Bakıya ən böyük axın yuxarıda adlarını sadaladığımız şəhər və qəsəbələrdən gəlir, o zaman həmin yolların tam uğurlu alternativi olmasa da, ən azından canqurtaran variantını təqdim edirik.
Sumqayıtdan gələnlər Novxanıdan, Saray və Masazırdan olanlar isə Balaxanını keçməklə Heydər Əliyev prospektinə yaxud Balaxanıdan (sola - Santrala deyil, sağa dönməklə) Rəsulzadə qəsəbəsinə çıxıb oradan da Ayna Sultanova, Gənclik istiqamətinə doğru gedə bilərlər. Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.
Bundan başqa, Ekologiya Postuna qədər birtəhər dişini sıxa bilən sürücülər həmin yoldan sağa istiqamət almaqla Sədərək yolu-Lökbatan-Badamdar vasitəsilə Bakıya girə bilərlər.
Şəfiqə Şəfa, Bizim.Media



































































































