Alimlər yuxuda tənəffüsün dəfələrlə kəsilməsi ilə müşayiət olunan təhlükəli xəstəlik — obstruktiv yuxu apnesi əleyhinə yeni həbin sınaqlarını uğurla başa çatdırıblar. Üçüncü faza sınaqlarında dərman vasitəsi tənəffüsün dayanması hallarını təxminən 44% azaldıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "American Journal of Respiratory and Critical Care Medicine" (AJRCCM) jurnalında dərc olunub.
Qeyd edək ki, obstruktiv yuxu apnesi zamanı udlaq əzələləri boşalaraq tənəffüs yollarını qapayır.
Nəticədə insan gecə ərzində dəfələrlə nəfəssiz qalır, yuxusuzluqdan əziyyət çəkir və hipertoniya, infarkt kimi ağır xəstəliklərə tutulmaq riski ilə üzləşir. Müalicənin əsas üsulu maska vasitəsilə hava ötürən SİPAP aparatı hesab olunsa da, bir çox xəstələr bu qurğunu narahatlığa görə istifadə edə bilmir və müalicəsiz qalırlar.
Pittsburq Universitetinin Tibb Mərkəzinin alimi Patrik Strollonun rəhbərliyi ilə tədqiqatçılar gündə bir dəfə qəbul edilən "AD109" preparatını sınaqdan keçiriblər. ABŞ və Kanadada 646 yetkin şəxsin iştirak etdiyi sınaqlarda dərmanın tərkibindəki iki təsirli maddənin — aroksibutinin və atomoksetinin udlaq əzələlərinin tonusunu artıraraq tənəffüs yollarının qapanmasının qarşısını aldığı məlum olub.
Sınaqların nəticələrinə əsasən, saatlıq tənəffüs dayanması göstəricisi orta hesabla 44% azalıb. Xəstələrin 40%-dən çoxunda xəstəlik daha yüngül formaya keçib, 18%-də isə apneyə tam nəzarət nail olunub.
Yeni preparat xüsusilə SİPAP terapiyasından istifadə edə bilməyənlər üçün nəzərdə tutulub və bu sahədəki mühüm boşluğu doldurur. Mütəxəssislər həbin hər kəs üçün uyğun olmadığını və həkim nəzarəti altında qəbul edilməli olduğunu vurğulayırlar.
Bizim.Media
































































































