Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun dəvəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsin İdarə Heyətinin sədri Zakir Quliyev, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin rəhbəri Samir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsin İdarə Heyətinin sədrinin müşavirləri Akif Quliyev və Ramil Sadıqov rayonda olaraq rayon ərazisində cari ilin mart-aprel aylarında müşahidə olunmuş intensiv yağıntılar nəticəsində yaranmış fəsadların aradan qaldırılması, habelə su və meliorasiya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş və görülməsi nəzərdə tutulan işlərlə yerində tanış olublar.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, məsul şəxslər tərəfindən rayon ərazisində cari ilin mart-aprel aylarında müşahidə olunmuş yağıntılar nəticəsində zərər görmüş ərazilərə baxış keçirilib, mövcud vəziyyət, həyata keçirilən bərpa və qabaqlayıcı tədbirlər, eləcə də qarşıda duran vəzifələr müzakirə olunub.
İlk öncə Samur çayının Yuxarı Zeyxur kəndi ərazisindən keçən hissəsində mövcud vəziyyət nəzərdən keçirilib.
Cari ildə müşahidə olunan intensiv yağıntılar nəticəsində çay yatağında sel suları tərəfindən yuyulmuş sahil torpaqların vəziyyəti və digər fəsadlar yerində qiymətləndirilib. Eyni zamanda, yağıntılar nəticəsində zərər çəkmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə, o cümlədən fermer təsərrüfatlarına dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər müzakirə edilib.
Daha sonra suvarma arxı dağılmış və bərpası mümkün olmayan Yuxarı Qələnxur kəndinə suyun verilməsi üçün nasosxananın tikintisi məqsədilə nəzərdə tutulmuş əraziyə baxış keçirilib.
Ərazinin mövcud şəraiti, layihənin həyata keçirilməsi imkanları və görüləcək işlərin əsas istiqamətləri nəzərdən keçirilib.
Daha sonra Zuxul kəndində intensiv yağıntılar səbəbindən dağılmış kanalın bərpası, Hil kəndində isə çayın sahilində həyata keçirilməsi nəzərdə tutulan sahilbərkitmə və mühafizə bəndlərinin inşa olunması ilə bağlı planlaşdırılan layihələr yerində müzakirə edilib.
Sonda rayonun Avaran kəndində həyata keçirilən içməli su təchizatı layihəsi ilə tanışlıq baş tutub.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu




































































































