Silvester Stallonenin baş rolda oynadığı "Tulsa King" serialının yeni, dördüncü mövsümünün bir dəqiqəlik tizer-treyleri izləyicilərin marağına səbəb olub. Kadrlarda mafiya bossuna polis formasında olan şəxsin sui-qəsd etməyə çalışdığı əks olunub.
Bizim.Media xəbər verir ki, "Paramount+" sosial şəbəkələrdə bir dəqiqəlik videonu paylaşaraq, "Kral qayıdır, amma onun hökmranlığı nə qədər davam edəcək?" şərhini yazıb.
Hekayənin mərkəzində 25 il həbsdə olduqdan sonra Oklahomanın Talsa şəhərində öz kriminal imperiyasını quran Nyu-Yorklu mafioz Duayt Manfredi (Silvester Stallone) dayanır.
Tizer polis qiyafəsində olan killerin Duayta hücumu ilə başlayır və Stallonenin "Məndən o qədər də asanlıqla qurtula bilməzsiz" sözləri ilə yekunlaşır.
Yeni mövsümdə Duayt kriminal imperiyasını genişləndirməyə davam etsə də, təhlükəli rəqiblər, hüquq-mühafizə və siyasi qüvvələrin artan təzyiqi ilə üzləşir.
Dəstəsi ona sadiq qalsa da, dəyişən ittifaqlar imperiyanın gələcəyini təhlükə altına qoyur və Duayt hakimiyyəti qorumaq üçün mübarizə aparmalı olur.
Serialın pərəstişkarları YouTube və Instagram-da coşqulu şərhlər yazıblar:
"Kral qayıtdı!!!! Slay yenə iş başındadır, mövsümü səbirsizliklə gözləyirəm".
"O dəəə!! İlahi, bunu necə də gözləyirəm!".
"Heç kim Duayt Manfredi kimi bütün şəhəri idarə edə bilməz. Tezliklə yeni mövsüm gəlsin!".
Bizim.Media































































































