Azərbaycanda 10–17 yaşlı uşaqların 89%-nin smartfon istifadə etdiyi bildirilir. Smartfonlar artıq uşaqların yalnız əyləncə vasitəsi deyil, həm də ünsiyyət, təhsil, informasiya və sosiallaşma imkanına çevrilib.
Valideynlər bir tərəfdən övladlarını zərərli məzmundan, kibertəhlükələrdən və tanımadıqları şəxslərlə ünsiyyətdən qorumağa çalışırlar. Digər tərəfdən isə uşaq böyüdükcə onun özəl həyatına və məxfiliyinə olan ehtiyacı artır. Bir sözlə, valideyn nəzarəti ilə uşağın şəxsi sərhədləri arasındakı balans məsələsi yenidən gündəmə gəlir.
Bəs valideyn nə etməlidir? Övladının telefonunu yoxlamalıdır, yoxsa bu, uşağın şəxsi həyatına müdaxilədir? Nəzarətin sərhədi harada olmalıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən hüquqşünas Aysel Süleymanova deyib ki, şəxsi toxunulmazlıqla bağlı məsələ qanunvericiliklə tənzimlənir:
“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində qeyd edilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Eyni zamanda, həmin maddədə göstərilir ki, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Konstitusiyada həmçinin yazışmaların toxunulmazlığına münasibətdə şəxsin öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilməməsi göstərilib.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər”.
O vurğulayıb ki, hazırki halda söhbət yetkinlik yaşına çatmayan şəxslərdən gedirsə, bu halda valideynin müəyyən proqramlar vasitəsilə yetkinlik yaşına çatmayan övladının mobil cihazını nəzarətdə saxlaması (limitli şəkildə istifadə, bəzi saytlara daxil olunmanın əngəllənməsi) şəxsi həyata müdaxilə sayıla bilməz.
Günay Şahmar, Bizim.Media





































































































