Əlverişsiz hava şəraiti yol hərəkətinə birbaşa maneə yaradan əsas amillərdən biridir. Yağış, qar, buzlanma, güclü külək kimi meteoroloji hadisələr zamanı xüsusilə ikitəkərli nəqliyyat vasitələrinin (moped və motosikletlərin) hərəkəti qəza riskini əhəmiyyətli dərəcədə artırır. Onsuz da təhlükə saçan bu nəqliyyat vasitələri belə hava şəraitində həm özləri idarəetmədə çətinlik yaşayırlar, həm də digər avtomobil sürücülərini çaşdırırlar.
Əlverişsiz hava şəraitində bu cür risklərin qarşısının alınması məqsədilə moped və motosikletlərin hərəkətinə müvəqqəti məhdudiyyətlər və ya qadağalar tətbiq olunması mümkündürmü?
MÖVZU İLƏ BAĞLI:
Moped sürənlərin NƏZƏRİNƏ – Yeni rüsumlar MÜƏYYƏN OLUNDU
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-nın sorğusuna bu təcrübənin Azərbaycanda tətbiqinin mümkünlüyünü məqbul hesab etmədi:
“Düşünmürəm Azərbaycanda ikitəkərli nəqliyyat vasitələrinə belə havalarda qadağa qoyulsun. Buna heç ehtiyac da yoxdur. Təhlükəsizlik baxımından götürsək, onda gərək sakinlərə də qadağa qoyulsun ki, küləkli havada çölə çıxmasınlar. Bunu sürücü özü müəyyənləşdirməlidir ki, belə havada nəqliyyat idarə eləsin ya yox”, - deyə məsələyə infantil yanaşma sərgiləyən ekspertə xatırlatmaq yerinə düşər ki, əslində Azərbaycan qanunvericiliyində bunun üçün hüquqi baza var:
“Avtomobil yolları haqqında” Qanunun 29-cu maddəsində avtomobil yollarında hərəkətin meteoroloji şərait, yolun texniki dərəcəsi, nəqliyyat vasitəsinin tipi və digər amillər nəzərə alınmaqla tənzimlənməsi nəzərdə tutulur. Həmçinin qanunda avtomobil yollarında yol hərəkətinin müəyyən hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə biləcəyi birbaşa göstərilir.
Yəni hüquqi sistemimizdə “hava/yol şəraiti təhlükəlidirsə, hərəkət məhdudlaşdırıla bilər” yanaşması var, sadəcə “motosikletlərə, mopedlərə xüsusi qadağa” səviyyəsində deyil.
Niyə məhz iki təkərlilərə ayrıca qadağa?
Burada kifayət qədər güclü arqument var. Motosiklet və moped yağış, buzlanma, güclü külək kimi hava şəraitində avtomobillərlə müqayisədə daha həssas nəqliyyat vasitələridir. Yol örtüyünün sürüşkən olması iki, nazik təkərdə idarəetməyə daha ciddi təsir edir, güclü külək motosikletin trayektoriyasını dəyişə, digər avtomobillərə maneə yarada bilər. Qar və buzlanmada isə ümumiyyətlə aşma riski yüksəkdir.
Ona görə də bəzi ölkələrdə, konkret olaraq Rusiyada, xüsusilə də kuryerlərin qarlı, küləkli havalarda şosselərə çıxmasının qadağan edilməsi hazırda müzakirədədir. Buna səbəb isə sifarişin ünvana vaxtında çatdırılması üçün bu nəqliyyat növlərindən istifadə edən kuryerlərin tələskənliyi göstərilir.
Şəfiqə Şəfa, Bizim.Media




































































































