Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Hazırda oxunan: Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

633594

Avqustun 28-də Türkiyənin Azərbaycandakı səfirliyi ölkəsinin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Çıxış edən səfir Birol Akgün 30 Avqust - Zəfər bayramının Türkiyə tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, İstiqlal müharibəsinin Baş Komandanı Qazi Mustafa Kamal Atatürkü, onun silahdaşlarını, qəhrəman ordunun əsgərlərini və mübarizədə iştirak edən xalqın bütün nümayəndələrini ehtiramla yad edib.
 

Səfir qeyd edib ki, türk tarixində avqust qələbələr ayı kimi yadda qalıb. O, 1071-ci ildə Malazgirt döyüşündən başlayan və 1922-ci ildə Dumlupınarda Böyük Taarruzun qələbəsi ilə davam edən tarixi yolun türk xalqının əzmkarlığının və mübarizə ruhunun göstəricisi olduğunu vurğulayıb.



Birol Akgün Türkiyənin müasir dövrdə də sülh və sabitliyə üstünlük verdiyini diqqətə çatdıraraq deyib:

“Qlobal sistemdə artan qeyri-müəyyənliklər və bölgəmizdə davam edən münaqişələr fonunda Türkiyə çəkindirici hərbi gücə malik olmağın zəruriliyini dərk edir. Bununla belə, Türkiyə hər zaman sülhün və sabitliyin tərəfdarıdır”.

Səfir bildirib ki, Türkiyə başda BMT olmaqla beynəlxalq platformalarda vasitəçilik və xoşməramlı təşəbbüslərini bundan sonra da davam etdirəcək. O, Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinin Türkiyənin xarici siyasətində mühüm yer tutduğunu vurğulayıb.

Sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

Müdafiə naziri Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təmələ söykəndiyini vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipi iki qardaş ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.
 

Zakir Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr çərçivəsində müdafiə qurumları arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.


Nazir bildirib ki, ötən il Türkiyədə iki ölkənin müdafiə qurumları arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. O, müasir təhlükə və çağırışlar fonunda müdafiə potensialının artırılmasının vacibliyini qeyd edib.

“Bu gün müdafiə qurumlarımız arasında əməkdaşlıq öz dövrünün ən yüksək səviyyəsini yaşayır. Əməkdaşlığımız ildən-ilə genişlənir, yeni təşəbbüslər irəli sürülür”, - deyə Zakir Həsənov vurğulayıb.

Müdafiə naziri Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə islahatlar aparıldığını bildirib. O, iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə mütəmadi birgə hərbi təlimlər keçirdiyini, bunun orduların peşəkarlığının və qarşılıqlı uzlaşmasının artırılmasına mühüm töhfə verdiyini deyib.

Hərbi təhsil sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirən Zakir Həsənov hazırda Türkiyənin hərbi təhsil və təlim müəssisələrində çoxsaylı azərbaycanlı hərbi qulluqçunun təhsil aldığını qeyd edib və yaradılan şəraitə görə qardaş ölkəyə təşəkkürünü bildirib.

O, hərbi-texniki əməkdaşlığın da sürətlə inkişaf etdiyini, Türkiyənin hərbi sənaye şirkətlərinin Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb.

Müdafiə naziri çıxışının sonunda Azərbaycan və Türkiyənin müstəqilliyi və təhlükəsizliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib və qardaş Türkiyəni Zəfər bayramı və Türk Silahlı Qüvvələri Gününün 104-cü ildönümü münasibətilə təbrik edib.

Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin