2026–2027-ci tədris ili ilə əlaqədar Qusar rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransın əsas məqsədi 2025–2026-cı tədris ilinin yekunlarının qiymətləndirilməsi, əldə olunan nəticələrin təhlili və qarşıdakı tədris ili üçün prioritet hədəflərin müəyyənləşdirilməsi olub.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Konfransda Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Naira Klıçova, həmçinin rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ümummilli Liderin hər iki hakimiyyəti dövründə ölkədə təhsil sisteminin inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi, peşə təhsilinə diqqət və qayğının artırılması, milli kadr potensialının gücləndirilməsi, eləcə də gənclərin xaricdə təhsil almaları istiqamətində mühüm addımlar atılıb.
Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafına göstərdiyi xüsusi diqqət və həyata keçirilən mühüm təşəbbüslər qeyd olunub.
Ceyhun Hacıyev rayonda təhsil sahəsində həyata keçirilən tədbirlərdən də bəhs edərək bildirib ki, 2025-ci ildə Cibir kəndində 264 yerlik yeni tam orta məktəb binası istifadəyə verilib. Hazırda Kuzunqışlaq kəndində yeni məktəb binasının tikintisi davam etdirilir. Növbəti illərdə Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binalarının inşası nəzərdə tutulur.
Çıxış zamanı Qusar məktəblilərinin buraxılış və qəbul imtahanlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqə və intellektual yarışlarda qazandıqları uğurlardan da danışılıb.
Rayonda gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana, intellektual fəaliyyətə cəlb olunması istiqamətində görülən işlərə də toxunan Ceyhun Hacıyev bu sahədə həyata keçirilən tədbirlərin gənc nəslin hərtərəfli inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda Qusar rayonu üzrə Təhsil Sektorunun müdiri Naira Klıçova 2025–2026-cı tədris ili ərzində rayonun təhsil müəssisələrinin fəaliyyətindən, əldə olunan uğurlardan, buraxılış və qəbul imtahanlarının nəticələrindən, şagirdlərin müxtəlif olimpiada, müsabiqə və intellektual yarışlarda qazandıqları nailiyyətlərdən bəhs edib. Bildirilib ki, 2025–2026-cı tədris ilində tam orta təhsil səviyyəsi üzrə 976 şagirddən 973 nəfəri buraxılış imtahanlarında iştirak edib. Rayon üzrə orta göstərici 108,42 bal təşkil edib ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 1,3 % artım deməkdir.
Qeyd edilib ki, Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emiliya Qayıbova buraxılış imtahanında ölkə üzrə maksimum nəticə göstərən 9 şagirddən biri olub.
Qeyd edilib ki, ümumi ortaa təhsil səviyyəsi üzrə 1443 şagirddən 1438 nəfəri buraxılış imtahanlarında iştirak edib və rayon üzrə orta göstərici 97 bal olub. Eldar Əliyarov adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Zəhra Həsənova 296 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni göstərib.
Qəbul imtahanlarının nəticələrindən danışan Naira Klıçova qeyd edib ki, rayonun 12 məzunu 600 baldan, 38 məzunu isə 500 baldan yuxarı nəticə əldə edib.
Bildirilib ki, Respublika Fənn Olimpiadalarında 1283 şagird iştirak edib. Onlardan 181 nəfəri rayon mərhələsinə, 31 nəfəri yarımfinal mərhələsinə, 5 nəfəri isə final mərhələsinə yüksəlib. Final mərhələsində Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Qəhrəman Məlikov coğrafiya fənni üzrə I yerə layiq görülüb. Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Emiliya Qayıbova isə riyaziyyat fənni üzrə II yer tutaraq rayonun təhsil uğurlarına növbəti töhfəsini verib. Naira Klıçovanın sözlərinə görə, Lütfizadə adına Məntiq Olimpiadasında rayonun 124 nəfər V sinif şagirdi iştirak edib.
Respublika fənn müsabiqələrinə isə VI və VII siniflər üzrə 291 şagird qatılıb və onlardan 4 nəfəri respublika turunda iştirak etmək hüququ qazanıb.
Qusar məktəblilərinin beynəlxalq və respublika səviyyəli digər bilik yarışlarında qazandıqları uğurlar da xüsusi qeyd olunub. Bildirilib ki, şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Abdullah İsabalayev “Kenquru” Beynəlxalq Riyaziyyat Olimpiadasında mümkün 100 baldan 96 bal toplayaraq qızıl medala layiq görülüb.
Həmçinin həmin məktəbin şagirdi Samirə İsabalayeva, Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Tural Sultanov və Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Gözəl Hüseynova “Əlaçı” intellektual televiziya layihəsinin qalibləri sırasında yer alıblar.
Qeyd edilib ki, Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Elmir Ağamirzəyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olub. Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Günel Qurbanova isə Dövlət Statistika Komitəsi tərəfindən Ümumdünya Statistika Günü münasibətilə keçirilən olimpiadada I yerə layiq görülüb.
“Sabahın alimləri” XV Respublika Müsabiqəsində Urva kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Sevda Ağayeva və Tamerlan Bədəlov bürünc medal qazanaraq rayonun təhsil nailiyyətlərinə öz töhfələrini veriblər.
Məktəblərin komanda şəklində əldə etdikləri uğurlar da qeyd olunub. Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi “BilBacar” intellektual müsabiqəsində respublika üzrə “TOP-10”luğa daxil olub. “Sərhədçi” hərbi-idman oyunlarında isə Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin “Zeyxur” komandası II yerə layiq görülüb.
Müəllimlərin sertifikatlaşdırılması prosesində rayonun təhsil işçilərinin yüksək nəticələr əldə etdiyini diqqətə çatdıran sektor müdiri 2025–2026-cı tədris ilinin Qusar rayonunun təhsil həyatı üçün uğurlu nəticələrlə yadda qaldığını diqqətə çatdırıb.
Konfrans çərçivəsində siniflər və ümumtəhsil müəssisələri üzrə təhsil göstəriciləri ətraflı təhlil edilib. 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının, 4 və 6-cı siniflər üzrə isə monitorinq imtahanlarının nəticələri müzakirə olunub.
Konfransda çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova yeni tədris ilinin başlanması münasibətilə rayonun bütün məktəb rəhbərlərinə və pedaqoji kollektivlərinə uğurlar arzulayıb.
O, ötən tədris ili ərzində Qusar rayonunun təhsil müəssisələri tərəfindən əldə olunan uğurları təqdirəlayiq hal kimi dəyərləndirib. Bununla yanaşı, Aynurə Dadaşova mövcud nəticələrin daha da yaxşılaşdırılması üçün diqqət yetirilməli istiqamətlərin olduğunu da vurğulayıb.
Daha sonra çıxış edən Qusar rayonu üzrə təhsil sektorunun müdiri Naira Klıçova rayonda təhsil sahəsində mövcud olan və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bəzi ümumtəhsil müəssisələrində təlim nəticələrinin aşağı olması, məktəblər arasında nəticə fərqlərinin mövcudluğu, məktəbdaxili monitorinq sisteminin bəzi hallarda lazımi səviyyədə qurulmaması, riyaziyyat fənni üzrə göstəricilərin aşağı olması, şagirdlərlə fərdi işin kifayət qədər aparılmaması, eləcə də bəzi məktəblərdə valideyn-məktəb əməkdaşlığının lazımi səviyyədə təşkil edilməməsi əsas problemlər sırasındadır.
Qeyd olunub ki, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə problemlərin səbəbləri hərtərəfli araşdırılacaq, təhsil müəssisələrində davamlı monitorinqlər həyata keçiriləcək, müəyyən edilmiş istiqamətlər üzrə məqsədyönlü tədbirlər görüləcək.
Çıxış zamanı 2026–2027-ci tədris ili üçün əsas hədəflərə də toxunulub. 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında nəticələrin yüksəldilməsi, riyaziyyat fənni üzrə göstəricilərin minimum 10 faiz artırılması, Respublika Fənn Olimpiadaları və fənn müsabiqələrinin respublika mərhələsində iştirak edən şagirdlərin sayının artırılması qarşıya qoyulan əsas hədəflər sırasında qeyd olunub.
Avqustun 28-də konfrans öz işini panel müzakirələrlə davam etdirib.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu





































































































