Xəzər dənizinin ekoloji problemləri iki səbəbdən yaranır. Onlardan birincisi, Xəzər dənizinin çirklənməsi, ikincisi, dənizə tökülən suların miqdarının azalması nəticəsində səviyyəsinin enməsidir.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev deyib.
O bildirib ki, Xəzər dənizində çirklənmə əsasən dənizdən neftin çıxarılması ilə əlaqədardır.
Bu zaman normativlər daxilində müəyyən miqdarda çirkləndiricilər dəniz suyuna axa bilər bilər. Bu nöqteyi-nəzərdən Xəzər dənizində çirklənmələrin olması mümkündür. Bundan əlavə, gəmilərin, tankerlərin hərəkəti nəticəsində də Xəzərə müəyyən miqdarda neft məhsulları, başqa çirkləndiricilər daxil ola bilir. Həmçinin Xəzərə tökülən çaylar da özləri ilə müxtəlif çirkləndiriciləri gətirir.
Professorun sözlərinə görə, sahilyanı ərazilərdə tikinti prosesi də dənizə təsirsiz ötüşmür. Belə ki, əhalinin sayı artır, urbanizasiya prosesləri gedir və buradan da Xəzər dənizinə müəyyən qədər çirkləndiricilər daxil olur. Odur ki, Xəzərin sahilində qurulan infrastruktura xüsusi fikir vermək lazımdır ki, dənizi çirkləndirməsin:
”Xəzər dənizinin çirklənmə səviyyəsinin növbəti 10-15 il ərzində daha da artacağını düşünürəm. Bu da təxirəsalınmaz tədbirlərin görülməsini labüd edir".
Xəzərin səviyyə dəyişmələrindən bəhs edən Əmir Əliyev prosesin periodik xarakter daşıdığını deyib. O diqqətə çatdırıb ki, son 4 min ildə Xəzərin səviyyəsində periodiklik təxminən 200-250 ildir və sonuncu ən böyük səviyyə təxminən 1805-1810-cu illərdə müşahidə olunub. Həmin vaxtdan etibarən Xəzərin səviyyəsi enmə mərhələsindədir.
"Arabir bəzi qalxmalar olsa da, ümumi period enmə dövrüdür ki, bu da təxminən 2040-2050-ci illərə qədər davam edəcək.
Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Hazırda Xəzərin səviyyəsi Baltik sistemi ilə -29 metrdir.
Qarşıdakı 10-15 ildə Xəzərin səviyyəsinin təxminən 1-1,5 metr da enməsi proqnozlaşdırılır. Xəzərə tökülən çayların, xüsusilə Volqa çayının gətirdiyi suyun miqdarı son illərdə 25-30 faizə qədər azalıb ki, bu da səviyyənin enməsinin əsas səbəbidir. 1995-ci illə müqayisədə Xəzərin səviyyəsinin enməsi və geri çəkilməsi nəticəsində Azərbaycanı əhatə edən sahil zonasında 40 min hektara qədər ərazi suyun altından çıxıb.
Belə davam etsə, dəniz suyunun altından çıxan ərazilərin sahəsi artacaq. Əgər sahilyanı ölkələr tədbir görməsə, Xəzər dənizinin ekoloji vəziyyəti bugünküdən də ağır ola bilər", - deyə o vurğulayıb.
Qeyd edək ki, avqustun 12-si Xəzər Günü və ya Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. 2006-cı ilin məhz bu günündə “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
Bizim.Media
































































































