Naxçıvanın enerji təminatı son illərdə həyata keçirilən ardıcıl layihələr hesabına tamamilə yeni mərhələyə qədəm qoyub. Burada məqsəd yalnız muxtar respublikanın mövcud enerji tələbatını qarşılamaq deyil, həm də gələcək inkişafı nəzərə alaraq generasiya gücünü artırmaq, bərpaolunan enerji potensialından maksimum istifadə etmək və Naxçıvanı regional enerji ixracının mərkəzinə çevirməkdir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində “AzTV”yə müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, bu istiqamətdə qarşıya kifayət qədər konkret hədəflər qoyulub. İstilik, Günəş və su elektrik stansiyaları, enerji saxlanc qurğuları, yeni ötürücü xətlər və Zəngəzur istiqamətində enerji bağlantısı Naxçıvanın gələcək enerji xəritəsini müəyyənləşdirən əsas layihələr sırasındadır.
300 meqavatlıq yeni enerji gücü
Naxçıvan Sənaye Parkının təməlinin qoyulması ilə yanaşı, burada 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, hazırda təxminən 200 meqavat olan Naxçıvanın generasiya gücü yeni stansiyanın hesabına əhəmiyyətli dərəcədə artacaq.
Prezident İlham Əliyev bildirib ki, sənaye parkının tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək:
“Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq.”
Burada əsas məsələ yalnız artan enerji tələbatının qarşılanması deyil. Yeni generasiya gücünün yaradılması Naxçıvanın gələcəkdə böyük həcmdə elektrik enerjisi ixrac etməsinə də imkan verə bilər.
100 faiz qazlaşma səviyyəsi
Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında qaz infrastrukturu da mühüm rol oynayır. Belə ki, Azərbaycanın əsas hissəsindən İran ərazisinə qaz nəql olunur, əvəzində isə İran tərəfindən Naxçıvanın qaz təminatı həyata keçirilir. Bununla yanaşı, muxtar respublikada qazlaşma səviyyəsi artıq 100 faizə çatıb.
İğdır-Naxçıvan qaz boru xəttinin istismara verilməsi də enerji təminatının şaxələndirilməsi baxımından mühüm addımdır. Beləliklə, Naxçıvanda enerji təhlükəsizliyi həm daxili generasiya imkanlarının artırılması, həm də alternativ enerji və qaz bağlantılarının yaradılması hesabına möhkəmləndirilir.
Naxçıvanın böyük günəş enerjisi potensialı
Naxçıvanın ən böyük üstünlüklərindən biri isə bərpaolunan enerji potensialıdır. Xüsusilə Günəş enerjisi baxımından muxtar respublika Azərbaycanın ən əlverişli ərazilərindən hesab olunur.
Artıq 600 hektardan çox ərazi Günəş elektrik stansiyalarının yaradılması üçün müəyyənləşdirilib. Burada gələcəkdə yüzlərlə meqavat gücündə stansiyaların inşası planlaşdırılır.
Prezident İlham Əliyev Naxçıvanın potensialını konkret rəqəmlərlə ifadə edib:
“Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun.”
Hazırda 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi istiqamətində işlər görülür. Bundan başqa, Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan bir qədər çox gücə malik su elektrik stansiyasının layihəsi də gündəlikdədir. Bu layihələr Naxçıvanın enerji sistemində bərpaolunan mənbələrin payını daha da artıracaq.
Xarici investorlara açılan enerji sektoru
Naxçıvanda enerji layihələrinin daha bir mühüm istiqaməti investisiyaların cəlb edilməsidir. Yerli investorlarla yanaşı, xarici şirkətlər də muxtar respublikanın enerji potensialına maraq göstərirlər.
Bu marağın əsas səbəbləri Naxçıvanın yüksək Günəş və su potensialı, dövlətin bərpaolunan enerjiyə verdiyi dəstək və layihələrin iqtisadi baxımdan cəlbedici olmasıdır.
Beləliklə, enerji sektoru Naxçıvan üçün yalnız təhlükəsizlik və infrastruktur məsələsi deyil, eyni zamanda yeni investisiyaların, istehsalın və iqtisadi aktivliyin formalaşdığı istiqamətə çevrilir.
Zəngəzur üzərindən yeni enerji dəhlizi
Naxçıvanın enerji potensialının tam reallaşdırılması üçün ən mühüm məsələlərdən biri də yeni ötürücü xətlərin yaradılmasıdır. Hazırda Naxçıvanın İran və Türkiyə ilə elektrik bağlantıları mövcuddur. Lakin gələcəkdə 500-1000 meqavat həcmində elektrik enerjisinin ixracı üçün bu xətlərin imkanlarının artırılması zəruridir.
Bu baxımdan Ermənistan ərazisindən keçəcək elektrik xətti xüsusi əhəmiyyət daşıyır.Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisi ilə elektrik xəttinin çəkilməsi layihəsi artıq hazırdır. Cəbrayıl rayonunda böyük yarımstansiyanın inşa edilməsi də bu layihənin texniki bazasını formalaşdırır.
“Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır... Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır”, - deyə Dövlətimizin başçısı qeyd edib.
Bu layihənin əhəmiyyəti yalnız Azərbaycanın enerji ixrac imkanlarının artırılması ilə məhdudlaşmır. Ermənistanın enerji sisteminin gələcəkdə əlavə mənbələrə ehtiyacı yarana bilər.
Prezident İlham Əliyev Ermənistanın əsas enerji mənbələrindən biri olan Metsamor atom elektrik stansiyasının köhnəldiyini və bunun bütün region üçün risk yaratdığını vurğulayıb.
Beləliklə, Ermənistan üzərindən enerji bağlantısının yaradılması həm Naxçıvanın enerji təminatının şaxələndirilməsinə, həm Azərbaycanın elektrik enerjisini Türkiyə və Avropaya çıxarmasına, həm də regional enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.
Bu xətt daha geniş Zəngəzur dəhlizi və TRIPP konsepsiyasının enerji komponentlərindən biri kimi nəzərdən keçirilir. Burada söhbət yalnız dəmir yolu və avtomobil yolundan getmir. Gələcəkdə fiber-optik kabel, elektrik xətləri, ehtiyac yaranarsa, neft-qaz kəmərlərinin də bu marşrut üzrə çəkilməsi mümkündür.
Naxçıvandan Avropaya yaşıl enerji yolu
Azərbaycanın strateji hədəflərindən biri elektrik enerjisi ixracının coğrafiyasını genişləndirməkdir. Hazırda Gürcüstan-Türkiyə-Avropa istiqaməti əsas marşrut olaraq qalır.
Lakin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi və Xəzər üzərindən Mərkəzi Asiya ilə enerji bağlantısının yaradılması bu imkanları daha da genişləndirə bilər.
Naxçıvan da bu strategiyanın mühüm hissəsinə çevrilə bilər. Muxtar respublikada istehsal olunacaq Günəş və su elektrik enerjisi yeni ötürücü xətlər vasitəsilə Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxarıla bilər.
Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət çəkib:
“Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək.”
100 meqavatlıq batareya saxlanc qurğusu
Bərpaolunan enerjinin inkişafı ilə paralel olaraq onun saxlanması da əsas məsələlərdən biridir. Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin daha səmərəli idarə olunması üçün müasir batareya sistemlərinə ehtiyac var.
Azərbaycanda artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunun yaradılması istiqamətində işlər görülüb. Naxçıvanda isə birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması nəzərdə tutulur.
Bu qurğu bərpaolunan enerjinin sistemə inteqrasiyasını asanlaşdıracaq, enerji təchizatının sabitliyini artıracaq və istehsal olunan elektrik enerjisindən daha səmərəli istifadə etməyə imkan verəcək.
Naxçıvanın enerji xəritəsi dəyişir
Naxçıvanda həyata keçirilən və nəzərdə tutulan layihələrə bütöv şəkildə nəzər saldıqda aydın görünür ki, qarşıya qoyulan məqsəd sadəcə enerji çatışmazlığının qarşısını almaq deyil. Burada uzunmüddətli, dayanıqlı və ixracyönümlü enerji sistemi qurulur.
300 meqavatlıq istilik elektrik stansiyası, yüzlərlə meqavatlıq Günəş enerjisi layihələri, Tivi SES, 100 meqavatlıq batareya saxlanc qurğusu, İran və Türkiyə ilə mövcud bağlantılar, Ermənistan üzərindən planlaşdırılan enerji xətti və Zəngəzur dəhlizinin enerji komponenti bir-birini tamamlayan layihələrdir.
Nəticədə Naxçıvan həm Azərbaycanın enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə, həm də Türkiyə, İran və gələcəkdə Avropa ilə enerji əlaqələrinin əsas qovşaqlarından birinə çevrilə bilər. Ən əsası isə Naxçıvanın böyük Günəş və su potensialı artıq yalnız daxili tələbatın ödənilməsi üçün deyil, regional enerji bazarında Azərbaycanın mövqeyinin gücləndirilməsi üçün istifadə ediləcək strateji resursa çevrilir.
Bizim.Media-nın analitik qrupu

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 12.08.2026
Naxçıvanın enerji xəritəsi dəyişir – Görülən işlər və nəzərdə tutulan LAYİHƏLƏR
Hazırda oxunan: Naxçıvanın enerji xəritəsi dəyişir – Görülən işlər və nəzərdə tutulan LAYİHƏLƏR
Hazırda oxunan: Naxçıvanın enerji xəritəsi dəyişir – Görülən işlər və nəzərdə tutulan LAYİHƏLƏR
630746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































