“Avtoş”lar üçün xüsusi poliqonlar – Sürət sevgisi biznesə çevrilə bilər?

Hazırda oxunan: “Avtoş”lar üçün xüsusi poliqonlar – Sürət sevgisi biznesə çevrilə bilər?

629686

Sürət həvəskarlarının şəhər küçələrində təhlükəli manevrlər etməsi, avtoxuliqanlıq hallarının doğurduğu ağır nəticələr hər zaman narahatlıq yaradır. Hər nə qədər yüksək cərimələr tətbiq olunsa da, ictimai qınaq və çağırışlar edilsə də bəzi gənclərin aqressiv maşın sürmə həvəsinin qarşısını almaq olmur. Dünyanın bəzi ölkələrində bu təhlükəli həvəsi idarə etməyin fərqli metodunu tapıblar, üstəlik bundan gəlir də əldə edirlər. Belə ki, yaşayış massivlərindən kənarda, “avtoş”lar üçün xüsusi ödənişli poliqonlar yaradılır. Belə məkanlarda gənc sürücülər təhlükəsiz şəraitdə avtomobillərinin imkanlarını sınaya, sürətdən həzz ala bilirlər.

Bəs bu model avtoxuliqanlığın qarşısını almaqda nə dərəcədə effektivdir? Azərbaycanda da belə poliqonların yaradılması mümkündürmü?

Movzu ilə əlaqədar Bizim.Media-ya acıqlama verən nəqliyyat üzrə ekspert Adil Nəbiyev bildirdi ki, bu ideya ciddi təhlükəsizlik standartları və peşəkar nəzarət əsasında həyata keçirilərsə, həm yol təhlükəsizliyi, həm də iqtisadi baxımdan faydalı nəticələr verə bilər.

“Avtomobili ekstremal idarəetməyə maraq göstərən insanların bu həvəsini təhlükəsiz mühitə yönləndirmək mümkündür. Dünyanın bir sıra ölkələrində drift, drag manevrləri üçün xüsusi poliqonlar fəaliyyət göstərir. Burada iştirakçılar müəyyən ödəniş müqabilində avtomobillərini peşəkar nəzarət altında idarə edir, sürət imkanlarını yoxlayır, müxtəlif idarəetmə texnikalarını öyrənir və öz maraqlarını ictimai yollarda deyil, xüsusi ayrılmış təhlükəsiz ərazilərdə reallaşdırırlar.

Bu ideya düzgün idarə olunarsa, bizdə də ictimai yollardakı təhlükəli davranışların azalmasına, həm insan həyatının qorunmasına, həm də yeni idman, təlim, turizm və biznes sahəsinin formalaşmasına xidmət edə bilər”.

Ekspert deyir ki, bunun üçün ilk növbədə beynəlxalq təhlükəsizlik standartlarına uyğun poliqonlar yaradılmalı, giriş yalnız texniki cəhətdən saz vəziyyətdə olan avtomobillərə və müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl edən sürücülərə verilməlidir.

Ərazidə təcili tibbi yardım, yanğınsöndürmə xidməti, sığorta təminatı, texniki nəzarət və peşəkar təlimatçılar fəaliyyət göstərməlidir. Sürücülər yarış və məşq zamanı dəbilqə, təhlükəsizlik kəməri və digər qoruyucu vasitələrdən istifadə etməlidir.

Onun sözlərinə görə, bu cür poliqonlara giriş haqları, yarışlar, sponsorluq müqavilələri, reklam, avtomobil təqdimatları, texniki xidmətlər və turizm tədbirləri hesabına gəlir əldə etmək, eyni zamanda yeni iş yerləri yaratmaq mümkündür.

A.Nəbiyev əlavə etdi ki, burada bir məqam xüsusilə vacibdir:

Belə poliqonların yaradılması heç bir halda avtoxuliqanlığa bəraət qazandırmamalı, əksinə, cəmiyyətə verilən mesaj ondan ibarət olmalıdır ki, sürət və riskli manevrlər yalnız xüsusi ayrılmış, nəzarət olunan ərazilərdə mümkündür. İctimai yollarda aqressiv idarəetmə, təhlükəli manevrlər insanların həyatına real təhlükə yaradır. Buna görə də belə hərəkətlərə qarşı qanunvericilikdə nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti dəyişməz qalmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin