Qusarda 6 yaşayış məntəqəsini birləşdirən 26,7 km-lik avtomobil yolunda yeni asfalt örtüyünün döşənməsi işlərinə başlanılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonda 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir.
Layihənin icrası üçün ölkə başçısının 1 may 2025-ci il tarixli Sərəncamı ilə dövlət büdcəsindən ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.
Hazırda yolda yeni asfalt örtüyünün döşənməsi işlərinə başlanılıb. Layihə çərçivəsində yolboyu suların ötürülməsinin təmin olunması məqsədilə müxtəlif diametrli suötürücü boruların quraşdırılması da nəzərdə tutulub.
Sonuncu mərhələdə isə hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Vətəndaşlardan xahiş olunur ki, təmir işləri başa çatana və yol istifadəyə verilənədək sözügedən istiqamətdə hərəkət edərkən alternativ yollardan istifadə etsinlər.



Aytəkin Alxaslı, Bizim.Media































































































