İsti yay günlərində mənzilləri və ofisləri kondisionersiz təsəvvür etmək mümkün deyil. Kondisionerlər həm yaşayış, həm də iş yerində insanlar üçün rahat mühit formalaşdırır, onların isti günlərdə belə əməklə məşğul olmasına şəriat yaradır. Bununla yanaşı, onların sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri bu cihazların insan sağlamlığına mənfi təsir etdiyini, soyuqdəyməyə səbəb olduğunu, xüsusilə, revmatizm və pnevmaniya kimi xəstəliklər yaratdğını deyirlər.
Həkim-terapevt Rasif Bağırov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, kondisionerin sağlamlıq üçün təhlükə yaradıb-yaratmaması əsasən cihazın düzgün istifadə olunmasından, texniki qulluqdan və filtrlərinin vaxtında təmizlənməsindən asılıdır.
MÖVZU İLƏ BAĞLI:
Kondisioner havası niyə bəzi insanlara mənfi təsir göstərir? — Açıqlama
Onun sözlərinə görə, kondisionerdən istifadə insanın rahatlığı üçün faydalıdır:
“Xüsusilə yüksək temperatur şəraitində kondisioner olmadıqda bədənin tonusu aşağı düşür, damarlar genişlənir, halsızlıq yaranır və işləmək çətinləşir. Buna görə də kondisioner bədənin normal tonusunun qorunmasına və işin keyfiyyətinin qalxmasına kömək edir”.
Terapevt qeyd edib ki, bəzi xəstəlikləri bakteriyalar yaradır:
“Revmatizmin yaranması üçün müəyyən mikroorqanizmlərin, xüsusilə hemolitik streptokok infeksiyasının mövcudluğu vacibdir. Bu bakteriyalar adətən badamcıqlarda toplanır və çoxalaraq sonradan revmatizmin inkişafına səbəb ola bilərlər. Kondisionerin özündə belə mikrobların olub-olmadığını əvvəlcədən demək mümkün deyil. Əgər onlar mövcuddursa və uyğun şərait yaranarsa, risk arta bilər.
Pnevmoniyaya gəlincə, kondisionerin filtrləri vaxtında təmizlənərsə və cihaz təmiz hava təmin edərsə, adətən problem yaranmır. Lakin kondisioner uzun müddət təmizlənməyibsə, filtrlərdə toz, kif və müxtəlif mikroorqanizmlər toplanmış ola bilər.
Belə hallarda cihaz yenidən işə salındıqda həmin hissəciklər və mikrobla otaq havasına yayıla bilər ki, bu da bəzi tənəffüs yolu xəstəliklərinin yaranması riskini artıra bilər. Buna görə də kondisionerlərin filtrlərinin və daxili hissələrinin mütəmadi olaraq təmizlənməsi vacibdir”.
Günay Şahmar, Bizim.Media


































































































